Gəncə və Marneuli şəhərlərinin qardaşlaşması təklif olunub
Azərbaycanın ikinci böyük şəhəri Gəncə və Gürcüstanın Marneuli şəhərlərinin qardaşlaşması təklif olunub.
InterPress.ge xəbər verir ki, bu təkliflə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşdə çıxış edib.
Səfir xatırladıb ki, Rustavi və Sumqayıt şəhərləri qardaş şəhərlərdir və ötən il Tbilisi və Bakı şəhərləri də qardaşlaşıb.
F.Quliyevin sözlərinə görə, Gəncə və Marneulinin qardaşlaşması Azərbaycanın Gürcüstanla regionlararası əməkdaşlığının güclənməsinə təkan verməklə yanaşı, şəhərlər arasında möhkəm mədəni-humanitar və ticari-iqtisasi əlaqələrin qurulmasına imkan yarada bilər.
Qeyd edək ki, Marneuli şəhəri eyniadlı bələdiyyənin inzibati mərkəzidir. 2014-cü ildə Gürcüstanda aparılmış son siyahıyalmaya görə şəhərdə 20 211 nəfər əhali yaşayır.(report)


