10 
Mar
2022
14:39
2422

Mixail Saakaşvili açlıq aksiyasını dayandıraraq bu açıqlamanı verdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili aclıq aksiyasını dayandırır.

lnterPress.ge xəbər verir ki, bu barədə Mixeil Saakaşvili öz feysbuk səhifəsində yazıb.

Saakaşvilinin bildirdiyinə görə, o, 2014-cü ildən Ukraynanı müdafiə edən gürcü döyüşçülərindən məktub alıb və ondan aclıq aksiyasını dayandırmağı xahiş ediblər. Onun sözlərinə görə, eyni tələb Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir.

“Hadisələr illər əvvəl proqnozlaşdırdığım kimi cərəyan edir. Rusiya imperiyası mənim sevimli şəhərim Kiyevdə qətlyam törədir. Ali Baş Komandan Volodimir Zelenskinin rəhbərlik etdiyi qəhrəman Ukrayna xalqı bu epoxal müharibədə qalib gəlir. Dünya gözümüzün qabağında dəyişir. Kiyev Gürcüstan üçün yeni Konstantinopoldur və indi də azad dünyanın paytaxtıdır və o, şübhəsiz ki, belə davam edəcəkdir.

Bu vəziyyətdə bizə heç vaxt olmadığı kimi birlik və hazırlıq lazımdır. Suxuminin sülh yolu ilə qayıtması yolu, Gürcüstanın azadlığı və çiçəklənməsi Kiyevdən keçir.

İndi zəifləmək yox, güc toplamaq lazımdır ki, bu da tezliklə bizim üçün çox faydalı olacaq. Bu mənə də aiddir.

Mən 2014-cü ildən Ukraynanı müdafiə edən, çox fəxr etdiyim və dostluq etdiyim gürcü döyüşçülərindən məktub aldım. Məndən aclığı dayandırmağı və mümkün qədər tez tam qüvvə ilə mübarizəyə qoşulmağımı xahiş edirlər. Eyni xahiş mənim daimi əlaqədə olduğum Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir.

Ona görə də 20-ci gündür ki, sürən aclıq aksiyasını dayandıracağam. İndi bizə sağlam düşüncə, sağlamlıq və tam səfərbərlik, zəiflik əvəzinə güc lazımdır. Biz qələbəni tam hazırlıqla qarşılamalıyıq!”, – deyə Mixail Saakaşvilinin şəxsi  feysbuk səhifəsində yayılan müraciətində bildirilir.

Qeyd edək ki, M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana qeyri-qanuni yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. Eks-prezident hazırda Rustavi şəhərindəki 12 saylı həbsxanada saxlanılır.

Bizimlə əlaqə saxlayın