Gürcüstan ilə Rusiya arasında uçuşların bərpa olunması müzakirə olunur - Rusiya tərəf bərpa oluna biləcəyi vaxtı açıqladı
Rusiya koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbi ilə dayandırılan beynəlxalq hava rabitəsini ilk olaraq 8 MDB ölkəsinə iyulun 15-də bərpa edəcək.
InterPress.ge Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.
Xatırladaq ki, ötən il iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.
Rusiya Prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.


