Gürcüstanın təhsil və elm naziri İsrail nümayəndə heyətini qəbul edib
Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli İsrail Xarici İşlər Nazirliyinin keçmiş baş direktoru Nissim Ben Şitritin başçılıq etdiyi İsrail nümayəndə heyətini qəbul edib.
lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil və Elm Nazirliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, görüşdə İsrailin Gürcüstandakı səfiri Ran Gidor da iştirak edib.
"Görüşdə tərəflər Ukraynadan olan tələbələrin Gürcüstanın ali təhsil müəssisələrinə mobilliyinin detallarını müzakirə ediblər. Söhbət 2022-ci il fevralın 24-də Ukraynada baş vermiş hərbi əməliyyatlar nəticəsində Ukraynanın ali təhsil müəssisələrində təhsillərini davam etdirə bilməyən və təhsillərini Gürcüstanda davam etdirmək istədiklərini bildirən İsrail vətəndaşı olan səhiyyə tələbələrinə aiddir.
Mixeil Çxenkeli qeyd edib ki, Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin dəstəyi ilə gürcü tərəfi israilli tələbələrin Gürcüstan universitetlərində təhsillərini vaxtında davam etdirmələri üçün onlara maksimum köməklik göstərməyə hazırdır. Nazir vurğulayıb ki, Gürcüstanın ali təhsil müəssisələri beynəlxalq tələbələrə Ümumdünya Tibb Təhsili Federasiyası (WFME) tərəfindən tanınan ingilisdilli tibb proqramları, həmçinin əczaçılıq və stomatologiya üzrə ingilis dilində təhsil proqramları təklif edir. Müvafiq olaraq, onlar ən yüksək beynəlxalq standartlara malikdirlər.
İsrail tərəfi öz növbəsində Gürcüstan hökumətinə və şəxsən baş nazir İrakli Qaribaşviliyə dəstək və köməyə görə təşəkkür edib. Nisim Ben Şitritin qeyd etdiyi kimi, bu, yəhudi tələbələrin Gürcüstanda təhsil alması üçün əməkdaşlığın yaxşı başlanğıcıdır və gələcəkdə daha da genişləndiriləcək. İsrailin Gürcüstandakı səfiri Ran Gidor vurğulayıb ki, bu addımla - beynəlxalq tələbələrin cəlb edilməsi baxımından Gürcüstan regional mərkəzə çevriləcək.
Təhsil və Elm Nazirliyinin müvafiq mobillik prosedurlarının sürətləndirilmiş şəkildə idarə olunmasına və tələbələrin müvafiq ali təhsil müəssisələrinə vaxtında qəbuluna mümkün qədər köməklik göstərməsi vacibdir”,- deyə agentliyin yaydığı məlumatda bildirilib.


