Gürcüstan Parlamentinin sədri həmkarı Sahibə Qafarova ilə baş tutan görüşünü dəyərləndirdi
"Gürcüstan və Azərbaycan həmişə regionda sülhün qurulmasında mühüm rol oynayıb. Hər iki ölkə bu tarixi roldan ölkələrimiz, xalqlarımız və bütövlükdə region üçün sülh, sabitlik və firavanlıq üçün istifadə etməlidir", -
InterPress.ge xəbər verir ki, bu barədə Şalva Papuaşvili Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdən sonra bildirib.
Şalva Papuaşvilinin sözlərinə görə, onun azərbaycanlı həmkarının səfəri rəmzi xarakter daşıyır və xüsusi əhəmiyyət kəsb edir, çünki bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.
Gürcüstan parlamentinin sədri görüşdə müzakirə olunan məsələlərdən də danışıb və bu kontekstdə regionda sülhün təmin olunmasında Gürcüstan və Azərbaycanın mühüm roluna diqqət çəkib.
“Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıqdan, tarixi xalqlararası əlaqələrdən danışdıq. Biz Azərbaycan Respublikasının Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə minnətdarıq. Mən həmkarıma Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqlədim. Xanım Qafarovanın səfəri simvolik və xüsusi əhəmiyyət kəsb edir, çünki bu il Gürcüstan və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. 30 illik əməkdaşlıq ölkələrimiz və vətəndaşlarımız üçün çoxlu nəticələr verib. Müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, turizm, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Biz bu müsbət tendensiyanı davam etdirməyə və ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə hazırıq. Parlament əlaqələrinin, o cümlədən dostluq qrupları və sahə komitələri arasında əlaqələrin gücləndirilməsindən danışdıq. Bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi, daha çox səfərlərin və görüşlərin keçirilməsi ikitərəfli əlaqələrimizin daha da inkişafına mühüm töhfə verəcəkdir.
Görüşdə regiondakı gərgin vəziyyəti, Rusiyanın Ukraynaya təcavüzünü, regional münaqişələri də müzakirə etdik. Gürcüstan və Azərbaycan regionda sülhün bərqərar olmasında həmişə mühüm rol oynayıb. Hər iki ölkə bu tarixi roldan istifadə edərək ölkələrimizin, xalqlarımızın və bütövlükdə regionun rifahı naminə sülh və sabitliyi təşviq etmək üçün birgə və daha çox səy göstərməlidir”, - Şalva Papuaşvili bildirib.
Gürcüstan parlamentinin sədri Sahibə Qafarovaya səfərinə və əməkdaşlığa hazır olduğuna görə təşəkkür edib.


