Entoni Blinken: "Rusiya uduzur, Ukrayna uğur qazanır”
"Rusiya uduzur, Ukrayna uğur qazanır, Rusiya Ukraynanın suverenliyini, müstəqilliyini ələ keçirməyə çalışdı, amma bacarmadı".
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Polşa-Ukrayna sərhədində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiya hərbi və iqtisadi gücünü sübut etməyə çalışırdı, lakin dünya bunun əksini görür.
“O, hərbi, iqtisadi gücünü sübut etməyə çalışırdı. Təbii ki, biz bunun əksini görürük.
Biz müharibənin necə inkişaf edəcəyini bilmirik, lakin bilirik ki, suveren, müstəqil Ukrayna Vladimir Putindən daha uzun müddət yaşayacaq”, - deyə Blinken qeyd edib.
O, ABŞ-ın Ukraynanı sonadək, son uğuruna qədər dəstəkləməyə davam edəcəyini bildirib.
“Bizim Ukraynaya dəstəyimiz gələcəkdə də davam edəcək. Son uğuru görənə qədər bu davam edəcək”, - deyə Blinken bildirib.
Xatırladaq ki, Entoni Blinken və Lloyd Ostin dünən Ukraynaya səfər ediblər.


