06 
Iyn
2022
12:03
247

Gürcüstanın Xalq Müdafiəçisi qadınlar və məişət zorakılığı qurbanları üçün kompensasiya ödənilməsini tələb edir

Gürcüstanın Xalq Müdafiəçisi qadınlar və məişət zorakılığı qurbanları üçün kompensasiya ödənilməsini, elektron nəzarətin gücləndirilməsini və zorakılıq edənlərin zorakı davranışların korreksiyası proqramına məcburi daxil edilməsini tələb edir.

InterPress.ge xəbər verir ki, bu barədə Xalq Müdafiəçisinin müavini Ekaterine Sxiladze məlumat verib.

Sxiladzenin qeyd etdiyinə görə, dövlətin qadınlara və məişət zorakılığı hallarına qarşı qabaqlayıcı siyasəti yoxdur.

“Son illər hüquq-mühafizə orqanlarının qadınlara və məişət zorakılığına reaksiyası artsa da, qadınların ödürülməsinin sayı ildən-ilə azalmır. Məsələn, 2020-ci ildə qadınların öldürülməsinə cəhdlərin sayı 27 idisə, 2021-ci ildə bu rəqəm 31 olub. 2021-ci ildə 22, 2020-ci ildə isə 24 qadın öldürülüb. Əslində vəziyyət dəyişmir. Bunun əsas səbəbi dövlətin qadınlara və məişət zorakılığı hallarına qarşı qabaqlayıcı siyasətinin olmamasıdır. Sadəcə reaktiv mexanizmlər var, yəni polis ancaq hadisələrə reaksiya verir. Qarşısının alınması siyasətinə gəldikdə, biz həm maarifləndirmə, həm ictimai məlumatlandırma, həm də qurbanların zorakı mühiti tərk etmələrinə kömək edən dəstəyin və ya sosial xidmətlərin mövcudluğunu nəzərdə tuturuq. Bizim beynəlxalq öhdəliyimiz var, ona görə zərərçəkənə kompensasiya ödənilməlidir və bu kompensasiyanın verilməsi qaydaları müəyyən edilməlidir. Ancaq biz gördük ki, bu qaydanın işlənməsi daha bir il təxirə salındı və 2022-ci ilin sonuna qədər hazırlanmalıdır. Bu sənəd Gürcüstan Hökumətinin Administrasiyasında Gender Bərabərliyi Komissiyası çərçivəsində hazırlanırdı, ancaq  iş ondadır ki, sənəd hələ təsdiq olunmayıb. Bundan əlavə əsas problem odur ki, zərərçəkənin sosial-iqtisadi vəziyyətinin artırılmasından başqa, qurumlar arasında koordinasiya yoxdur. Artıq qeyd etdiyim kimi, bu sənəd çox uzun müddətdir işlənib hazırlanırdı, ancaq bu günə qədər təsdiqlənməyib. Bu sənəd səhiyyə sektorunun nümayəndələrindən tutmuş hüquq-mühafizə orqanlarına qədər məsul qurumları müəyyən edir. O, həmçinin qadınlara qarşı zorakılıq və məişət zorakılığının, məsələn, qətl və sağlamlığa zərər vurma kimi faciəli halların qarşısını almaq üçün məlumatların necə işıqlandırılmasına dair qaydaları müəyyən edir. Biz bu sənədin vaxtında təsdiq olunmasını xahiş edirik. Digər və əsas problem qadınların iqtisadi vəziyyətlərinin yaxşı olmamasıdır. Bələdiyyələrin praktikasına nəzər salsaq görərik ki, icarə haqqının verilməsi, birdəfəlik kirayə haqqı və s. qeyri-bərabər təcrübədir, bu yanaşmalar çətinliklərə cavab vermir. Ölkəmizdə mövcud olan müvəqqəti sığınacaqlar xüsusi əhəmiyyət kəsb edir, lakin onlar bütün hallarda problemi həll etmək imkanı vermir. Sığınacaq bir insana zorakı mühiti müvəqqəti olaraq cəmi 3 ay tərk etməyə imkan verir, lakin qurbanların uzunmüddətli perspektivdə gücləndirilməsi lazımdır. Tövsiyəmiz ondan ibarətdir ki, yerli hökumət siyasətləri vahid olsun və qurbanların gücləndirilməsinə yönəlsin. İndi elə bələdiyyələr var ki, bu tip dəstək tədbirləri üçün ümumiyyətlə vəsait ayırmır, bəzi bələdiyyələr isə ayırır. Pulun miqdarı da fərqlidir.  Pulun miqdarı, onun verilməsi proseduru dövlət səviyyəsində müəyyən edilməlidir”, - deyə Sxiladze bildirib.

Eyni zamanda, Sxiladzenin sözlərinə görə, qolbaqdan istifadəni nəzərdə tutan elektron nəzarət mexanizmi mövcud olsa da, ondan az adam istifadə edir.

“Ölkədə qadınlara və məişət zorakılığı hallarına qarşı qorunma tədbirlərindən biri olan elektron nəzarət var, lakin bu nəzarət mexanizmindən istifadə ilə bağlı çox kiçik göstəricilər var. Ötən il cəmi 14 halda elektron nəzarətdən istifadə edilib. Dövlətin mövqeyi ondan ibarətdir ki, qadınların özləri belə nəzarətdən imtina edirlər. Qadınlar ümumiyyətlə ədalət mühakiməsi prosesində iştirak etməkdə çətinlik çəkirlər. Bu yöndə iş gücləndirilməlidir ki, onlar mövcud mexanizmlərdən istifadə edə bilsinlər”, - Sxiladze bildirib.

Zorakılıq davranışının düzəldilməsinə gəlincə, xalq müdafiəçisinin müavini deyib ki, zorakılıq edənlərin hərəkətlərinin düzəldilməsi məcburi olmalıdır.

"Zorakı davranışın korreksiyası zorakı davranışı dəyişdirmək üçün zorakılıq edənlərlə işləməyi nəzərdə tutur, bu mərhələdə Gürcüstanda yalnız məhkumlar üçün tətbiq edilir və könüllüdür. Tövsiyəmiz ondan ibarətdir ki, məişət zorakılığına görə məhkum olunanlar üçün bu məcburi olsun, onlara seçim və imtina hüququ verilməsin. Biz bilirik ki, zorakılıq hadisələri cəzaçəkmə müəssisəsindən çıxandan sonra da baş verir və ümumiyyətlə, bu cinayət təkrarlanma ilə xarakterizə olunur. Biz həmçinin, qoruyucu orderin verildiyi halda belə proqramların tətbiq edilməsin tələb edirik. Bunu hansı qurumun həyata keçirəcəyi və necə həyata keçirəcəyi hələlik müzakirə mövzusudur. Bundan əlavə, şahid və zərərçəkmişin koordinatorunun rolunun gücləndirilməsi vacibdir. Onlar bir tərəfdən qurbanın ədalət mühakiməsi prosesinə cəlb olunmasına, digər tərəfdən isə sistemdən kənar xidmətlərdən faydalanmasına kömək edir. Əsas narahatlığımız ondan ibarətdir ki, onların sayı mövcud tələbata cavab vermir. Biz bu xidmətin rolunun gücləndirilməsini, həmçinin koordinatorların sayının artırılmasını tələb edirik”, - Sxiladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər