Ukrayna Müdafiə Naziri: "Mindən çox şəhər və kəndi işğalçılardan azad etdik"
Mövcud vəziyyətə görə, ukraynalı müdafiəçilər Ukraynanın mindən çox şəhər və kəndini rus işğalçılarından azad ediblər, 2500-dən çox kiçik kənd və şəhər hələ də işğaldan azad edilməlidir.
lnterPress.ge xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksi Reznikov “Atlantik Şura”nın təşkil etdiyi müzakirədə bildirib.
"Biz artıq mindən çox şəhər və kəndi azad etmişik. Biz 2500-dən çox kiçik kənd və şəhəri azad etməliyik", - deyə Reznikov bildirib.
Müdafiə naziri vurğulayıb ki, işğal olunmuş ərazilərin işğaldan azad edilməsinin sürəti silahların qəbulu tempindən asılıdır.
“Rusiyanı heç şübhəsiz məğlub etmək olar. Ukrayna artıq bunun necə edilə biləcəyini göstərdi və indi hər şey azad dünyanın bizə kömək etmək istəyindən asılıdır. Əgər vaxtında kifayət qədər silah alsaq, torpağımızı azad edəcəyik”, - deyə Reznikov qeyd edib.


