Salome Zurabişvili Rusiyanın Odessa limanını bombalamasını zorakılıq aktı kimi qiymətləndirdi
Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın Odessa limanını bombalamasını zorakılıq aktı kimi qiymətləndirib.
InterPress.ge xəbər verir ki, o, bu barədə öz Twitter səhifəsində yazıb.
Prezidentin qeyd etdiyinə görə, razılaşmadan bir gün sonra Odessa limanının bombalanması onu göstərir ki, nə öz sözləri, nə də qlobal humanitar vəziyyət Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir.
“Ukraynadan taxıl ixracının təmin edilməsinə dair razılaşmadan cəmi bir gün sonra Odessanın bombalanması zorakılıq aktıdır və bu, qınanmalıdır. Bu, Rusiyanın nə öz sözünə, nə də qlobal humanitar və təchizatla bağlı vəziyyətə əhəmiyyət vermədiyini göstərir”, - Salome Zurabişvili bildirib.
Xatırladırıq ki, dünən Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə ixracı bərpa etmək üçün Qara dəniz limanlarının açılmasına dair saziş imzalayıblar. Bu gün Rusiya qüvvələri Odessanın liman infrastrukturuna raket hücumu həyata keçirib.


