Ana dili üzrə dərs saatlarının azaldımasına etiraz edərək QHT rəhbərləri Gürcüstanın dövlət orqanlarına müraciət ünvanladılar-FOTO
Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərdə ana dili üzrə dərs saatlarının azaldılmasına etiraz əlaməti olaraq QHT rəhbərləri Gürcüstanın dövlət orqanlarına birgə müraciət ünvanlayıblar.
InterPress.ge xəbər verir ki, görüş Marneulidə "Azərbaycan Evi" ndə baş tutub.
Müraciətdə Milli Tədris Planına dəyişiklik edilməsi, ana dilinə həftədə müəyyən şərtlər daxilində 3-5 saat deyil, birbaşa 5 saat ayrılması və ümumi dərs saatlarının artırılması tələb olunub.
Qonaqları salamlayan iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva Azərbaycandilli məktəblərdə yaşanan problemlərdən danışıb, ana dili üzrə dərs saatlarının ikinci xarici dil hesabına azaldılmasının yolverilməz olduğunu qeyd edib. Gürcüstan parlamentinin keçmiş deputatları Mahir Dərziyev, Hidayət Hüseynli və Ramiz Bəkirov qeyri-hökümət təşkilatlarının ünvanladıqları müraciəti təqdir ediblər və tezliklə dövlət tərəfindən lazımi addımlar atılacağına əminliklərini ifadə ediblər. Qeyri-hökümət təşkilatları adından çıxış edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev, Qafqaz və Hüquq İnteqrasiya mərkəzinin icraçı direktoru Rezo Həsənov, Təhsil və İnkişaf mərkəzinin rəhbəri Emin Əhmədov, Gənclər Dostluğu Beynəlxalq Təşkilatın rəhbəri Güllü Əliyeva, “Maarif” təşkilatının rəhbəri Ələddin Qarabağlı və digərləri belə görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıblar.
Daha sonra söz alan Arif Əliyev adına 1 saylı Faxralı kənd ictimai məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatma Əliyeva, Aşağı Gülaver kənd ictimai məktəbinin müəllimi Humaya Bayramova, Aşağı Bolnisi 1 saylı kənd ictimai məktəbin müəllimi Şahnaz Məmmədova, Yuxarı Saral ictimai məktəbin müəllimi Tərgül Yusubova, Darvaz və Arxılı ictimai məktəblərinin müəllimi Sevda Xəlilova, Dəmyə-Gorarxı ictimai məktəbin müəllimi Xanım İbrahimova, 64 saylı Tbilisi ictimai məktəbin müəllimi Abayat Qurbanova və digərləri ana dilinin qorunub saxlanılması üçün hər bir vətəndaşın bu işdə dəstək olmalarını vurğulayıblar.
Gürcüstanın baş naziri cənab İrakli Ğaribaşviliyə, Gürcüstanın Təhsil və Elm naziri cənab Mixeil Çxenkeliyə,
Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri xanım Tea Axvledianiyə, Gürcüstan Parlamentinin sədri cənab Şalva Papuaşviliyə, Gürcüstan Parlamentinin Təhsil və Elm komitəsinin sədri cənab Qiorqi Amilaxvariyə ünvanlanan müraciət oxunaraq yekdilliklə qəbul edilibdir.
Qeyd edək ki, Gürcüstanın Təhsil və Elm naziri Mixeil Çxenkelinin imzaladığı sərəncamda ana dilinə həftədə minimum 3- maksimum 5 ayrılması qeyd olunur. Sərəncamda əlavə olaraq o da qeyd edilir ki, ikinci xarici dil üzrə dərs saatları 1 və ya 2 saat artırılarsa, ana dilinə həftədə maksimum 3 saat ayrılmalıdır.


