Gürcüstan prezidenti bu gün Rumıniyaya rəsmi səfər edəcək
Gürcüstan prezidenti Salome Zurabişvili Rumıniya prezidentinin dəvəti ilə bu gün Buxarestə rəsmi səfər edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat verib.
Gürcüstan prezidentinin rəsmi qarşılanma mərasimi oktyabrın 11-də Buxarestin Kotroçen sarayında keçiriləcək və burada Gürcüstan prezidenti ilə Rumıniya prezidenti Klaus İohannis arasında danışıqlar aparılacaq.
Nümayəndə heyətlərinin müşayiəti ilə prezidentlərin geniş tərkibdə görüşü planlaşdırılır. Prezidentlər təkbətək və geniş tərkibdə görüşlərdən sonra media nümayəndələri üçün mətbuat konfransı keçirəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.
Rəsmi səfər çərçivəsində dövlət başçısının Rumıniyanın yüksək vəzifəli şəxsləri ilə Baş nazir Nikolae Çukas, Rumıniya Senatının və Deputatlar Palatasının sədrləri ilə görüşləri nəzərdə tutulub.
Oktyabrın 12-də isə prezident Konstansada yerli hökumət nümayəndələri ilə görüşəcək, limana baş çəkəcək və dəniz limanının rəhbərliyi ilə görüş keçirəcək.


