Azərbaycanlı və gürcü müəllimlər Gürcüstanın dövlət strukturlarına birgə müraciət ünvanlayıblar-FOTO
14 oktyabr tarixində Marneulidə, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə dərs deyən azərbaycanlı və gürcü müəllimlər Gürcüstanın dövlət strukturlarına birgə müraciət ünvanlayıblar.
InterPress.ge xəbər verir ki, görüş Mülki Məşğulluq Mərkəzində (USAİD) baş tutub.
Görüş iştirakçılarını salamlayan iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva milli məktəblərdə ana dili üzrə dərs saatlarının ikinci xarici dil hesabına azaldılmasının qəbuledilməz olmasından, ana dilində təhsil almaq hüquqlarımızın Gürcüstan konstitutsiyası ilə qorunmasından və öz ixtisasını yüksək səviyyədə bilən, sertifikatlaşdırma imtahanlarında yüksək nəticə əldə edən yaşlı müəllimlərin baş müəllim statusu almaları ilə bağlı üzləşdikləri çətinliklərdən danışıb. Daha sonra Marneulidən, Qardabanidən, Bolnisidən, Rustavidən, Dmanisidən və digər bölgələrdən görüşə qatılan müəllimlər məktəblərdə yaşanan problemlərdən, belə görüşlərin tez-tez keçirilməsinin əhəmiyyətindən, müəllimlərin öz hüquqlarını tələb etməkdə aktiv olmağın önəmindən bəhs ediblər.
Gürcüstanın baş naziri cənab İrakli Ğaribaşviliyə, Gürcüstanın Təhsil və Elm naziri cənab Mixeil Çxenkeliyə,
Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri xanım Tea Axvledianiyə, Gürcüstan Parlamentinin sədri cənab Şalva Papuaşviliyə, Gürcüstan Parlamentinin Təhsil və Elm komitəsinin sədri cənab Qiorqi Amilaxvariyə, Gürcüstanın Xalq Müdafiəçisi xanım Nino Lomgariaya ünvanlanan müraciət oxunaraq yekdilliklə qəbul edilib.
Müraciətdə Milli Tədris Planına dəyişiklik edilməsi, ana dili üzrə dərs saatlarına həftədə 5 saat ayrılması, eləcə də öz ixtisasını yüksək səviyyədə bilən yaşlı müəllimlər üçün güzəştlərin edilməsi öz əksini tapıb. Müraciət yüzlərlə müəllimlər tərəfindən imzalanıb. Azərbaycandilli məktəblərdə dərs deyən gürcü müəllimlər, eləcə də baş və aparıcı statusu olan müəllimlər də imzatoplama aksiyasında fəal iştirak ediblər.
Qeyd edək ki, oktyabrın 1-də qeyri-hökumət təşkilatlarının rəhbərləri də Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə ana dili üzrə dərs saatlarının azaldılmasına etiraz əlaməti olaraq Gürcüstanın dövlət orqanlarına birgə müraciət ünvanlamışdılar.




