Gənclər tərəfindən uşaq bağçası tələbi ilə qeydiyyatdan keçirilən petisiyaya Bolnisi bələdiyyəsi meriyası münasibət bildirdi
Bir qrup azərbaycanlı gənc tərəfindən Bolnisi bələdiyyəsinin Darvaz kəndində uşaq bağçası tələbi ilə 652 vətəndaşın imzası ilə qeydiyyatdan keçirilən petisiyaya Bolnisi bələdiyyəsinin meriyası cavab verib.
InterPress.ge xəbər verir ki, bu barədə Bolnidin bələdiyyəsi meriyasının rəsmi Facebook səhifəsində qeyd edilib.
"Bolnisi bələdiyyəsində yaşayan vətəndaşların noyabrın 15-də Darvaz kəndində məktəbəqədər təhsil və təhsil müəssisəsinin yaradılması ilə bağlı verdiyi müraciətə cavab vermək istərdik.
Bolnisi Bələdiyyəsinin Meriyası vətəndaşların ehtiyaclarını ödəməyə xidmət edən bütün təşəbbüsləri alqışlayır. Biz sevinirik ki, vətəndaşlarımız yüksək vətəndaş mədəniyyəti nümayiş etdirirlər və səslərini yerli hakimiyyət orqanlarına fəal şəkildə çatdırmağa çalışırlar.
Məktəbəqədər təhsil mərkəzi hökumət və yerli hakimiyyət orqanlarının mühüm prioritetlərindən biridir.
Baş nazir İrakli Ğaribaşvilinin təşəbbüsü və təsdiq etdiyi hökumət proqramı ilə bütün Gürcüstanda, o cümlədən bələdiyyəmizdə yeni uşaq bağçalarının tikintisi və mövcud bağçaların bərpası nəzərdə tutulur.
Bu proqram çərçivəsində yerli özünüidarəetmə orqanlarının mərkəzi dövlət orqanları ilə fəal əlaqəsi var, bir neçə ay əvvəl yeni uşaq bağçalarının salınacağı, mövcud binaların müasir standartlara uyğun abadlaşdırılacağı qəsəbələrin siyahısı dəqiqləşdirilib.
Yeni uşaq bağçası tikiləcək:
➡️ Kazreti qəsəbəsində
➡️ Naxiduridə
➡️ Talaveridə
➡️ Məmxutidə
➡️Raçisubanidə
➡️ Darvazda
Aşağıdakı kəndlərdə mövcud uşaq bağçaları bərpa olunacaq:
➡️ Kvemo Bolnisidə
➡️ Tanciada
➡️ Kveşidə
Yeni və abadlaşdırılan bağçalardan ətraf kəndlərin sakinləri də yararlanacaqlar. Ehtiyac əsasında bağçaların tikilməsi prosesi gələcəkdə də Bolnisi bələdiyyəsi miqyasında davam etdiriləcək",- bəyanatda bildirilir.
Qeyd edək ki, gənclər bu prosesin dağlıq bölgələrdə yaşayan azərbaycanlı icmasına xüsusi perspektiv gətirəcəyinə inandıqlarını bildiriblər.


