17 
Dek
2022
20:37
676

1000-ə yaxın müəllimin imzası ilə Gürcüstanın dövlət qurumlarına müraciət ünvanlandı- FOTO

17 dekabr tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə müəllimlərin görüşü keçirildi.

InterPress.ge xəbər verir ki, görüşü giriş sözü  ilə iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva açaraq müəllimlərin hal-hazırda üzləşdikləri problemlərdən, dövlət qurumlarına ünvanlanan müraciətlərdən və Gürcüstanın Təhsil və Elm Nazirliyinin ünvanladığı cavab məktubundan danışdı.

“Oktyabr ayında Gürcüstanın bir sıra dövlət qurumlarına ana dili üzrə dərs saatlarının azaldılması və yaşlı müəllimlərə güzəşt edilməsi ilə bağlı müraciət ünvanlamışdıq. Bildiyiniz kimi artıq əksər Azərbaycan məktəblərində azərbaycan dili və ədəbiyyat fənni üzrə dərs saatları həftədə 5 saatdan 3 saata kimi azaldılıb. Milli Tədris Planında yalnız ana dili müəyyən şərtlər daxilində tədris edilir. Bizim dövlət qurumlarına ünvanladığımız məktubda nə üçün məhz ana dilinin müəyyən şərtlər daxilində tədris edildiyini soruşmuşduq, nə üçün ikinci xarici dil tədris ediləndə başqa fənlər üzrə dərs saatları deyil məhz ana dili üzrə dərs saatları azaldılmalıdır sualını ünvanlamışdıq. Gürcüstanın Təhsil və Elm nazirliyi məktubumuzu cavablandırdı. Cavab məktubunda qeyd edilir ki, digər fənlər Azərbaycan dilində tədris edilir. Azərbaycan məktəbində gürcü dilinin tədrisinə həftədə 5 saat ayrıldığı təqdirdə Azərbaycan dilində tədrisə həftədə 23-27 saat ayrılır. Yəni tarix, fizika, riyaziyyat və s. fənlər Azərbaycan dilində tədris edilir. Təhsil nazirliyi tərəfindən belə bir cavabın verilməsi çox məyusedicidir. Tarix, fizika, Azərbaycan dili və ədəbiyyatı başqa-başqa fənlərdir. Riyaziyyat dərsində Azərbaycan dilinin qrammatikası, eləcə də fizika dərsində Nizami Gəncəvinin həyat və yaradıcılığı öyrədilmir. Təhsil nazirliyinin işçisi bunları anlayacaq, bu fərqi ayırd edəcək dərrakəyə malik olmalı idi. Elə isə ölkədə vətəndaş bərabərliyi qorunmalıdır. Gürcüdilli məktəblərdə də gürcü dili və ədəbiyyat fənninin tədrisinə həftədə 3 saat ayrılsın və bunu da onunla əsaslandırsınlar ki, digər fənlər tarix, fizika və s. gürcü dilində tədris edilir. Ancaq gürcüdilli məktəblərdə biz belə hörmətsizliyin şahidi olmuruq. Gürcüdilli məktəblərədə bəzi siniflərdə gürcü dili və ədəbiyyatın tədrisinə həftədə 7 saat bəzi siniflərdə isə 5 saat ayrılır. Gürcü dili və ədəbiyyat fənni bizim ana dilimiz kimi hansısa şərtlər daxilində tədris edilmir. 
Cavab məktubundan o da qeyd edilir ki, digər fənlər Azərbaycan dilində tədris olunduğu üçün şagirdlər bu fənlərdə Azərbaycan dilini akademik səviyyədə inkişaf etdirmək imkanı əldə edirlər. Azərbaycan dili və ədəbiyyat dərsliyindən başqa yerdə qalan bütün dərsliklər Gürcüstanda hazırlanır, gürcü dilindən Azərbaycan dilinə tərcümə edilir. Həmin dərsliklərdə xeyli sayda nəinki qrammatik hətta məzmunca ciddi və gobud səhvlər mövcuddur. Ona görə də təhsil naziriyinin iddia etdiyi kimi həmin fənlərin tədrisi zamanı şagirdlərə ana dilini akademik səviyyədə nəinki inkişaf etdirmək imkanı yaradılır, tam əksinə həmin fənlərin tədrisi zamanı həmin yararsız dərsliklərdən istifadə zamanı Azərbaycan dilinin ahəng qanunu, Azərbaycan dilinin bütün qrammatik qayda-qanunları pozulur. Ümumiyyətlə düşünürəm ki, dərsliklərin bu formada, yararsız şəkildə, Azərbaycan məktəblərinə paylanması, Azərbaycan məktəblərinin istifadəsinə verilməsi bizim dilimizə qarşı, eləcə də biz Gürcüstan azərbaycanlılarına qarşı böyük hörmətsizlikdir. Dərsliklərin hazırlanması üçün ekspert qrup təşkil edilməlidir. Ekspert qrupda fənn üzrə mütəxəssis, tərcüməçi və redaktor təmsil edilməlidir. Ancaq Gürcüstanda bütün bu işləri cəmi bir nəfər edir, həm də çox qısa zamanda cəmi 2-3 aya. Nəticədə isə çox keyfiyyətsiz iş ortaya çıxır",- Aygül İsayeva qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər