03 
Yan
2023
21:30
700

Azərbaycanın Gürcüstandakı səfiri və azərbaycanlı din xadimləri arasında görüş baş tutub

30 dekabr tarixində  Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev yerli azərbaycanlı din xadimləri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, görüş  Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində baş tutub.

 Görüşün əvvəlində qonaqları salamlayan səfir Faiq Quliyev qonaqların timsalında bütün azərbaycanlıları əsası 1991-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, o cümlədən Yeni il münasibətilə təbrik etmiş, Azərbaycan dövlətinin daima azərbaycanlıların yanında olduğunu bildirib.

Görüş çərçivəsində qonaqlar yerli azərbaycanlı din xadimlərinin hər zaman Azərbaycanı dəstəklədiklərini, xüsusilə ərazi bütövlüyünün təmin edilməsi uğrunda Azərbaycan-Ermənistan müharibəsi dövründə Azərbaycanın yanında olduqlarını, məscidlərdə şəhidlərin ruhlarına xütbələr oxuduqlarını qeyd ediblər. Həmçinin, qonaqlar 2022-ci ilin may ayında səfirliyin təşkilatçılığı ilə Azərbaycana edilən səfər, Bakı şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, Qafqaz Müsəlmanları İdarəsində onlarla yüksək səviyyədə görüşlərin keçirilməsini məmnunluqla xatırladaraq, şəhid qanı ilə azad edilmiş və Azərbaycan xalqı üçün müqəddəs sayılan torpaqlarda - Füzuli, Ağdam rayonlarında, Şuşa şəhərində, bütövlükdə Qarabağda möhtəşəm yenidənqurma işlərinin şahidi olduqlarını vurğulamışlar. Bununla yanaşı, qonaqlar son zamanlar Azərbaycanda bəzi kütləvi informasiya vasitələrində, eləcə də parlament üzvləri tərəfindən Gürcüstandakı azərbaycanlı din xadimlərinə qarşı ittihamlarla razılaşmadıqlarını vurğulayıblar.

"Hər zaman Azərbaycan dövlətinə verdikləri dəstəyə görə din xadimlərinə təşəkkürünü bildirən səfir F.Quliyev qeyd etmişdir ki, Gürcüstanda dini sahədə cərəyan edən prosesləri, soydaşlarımızı narahat edən məsələləri vaxtaşırı gündəmə gətirən və şərh edən parlament üzvləri, siyasi və ictimai ekspertlər, həmçinin reportajlar və müsahibələr hazırlayan jurnalistlərin, aparıcı media qurumların fəaliyyəti azad və müstəqildir. Təbiidir ki, bəzi hallarda bu dövlətin mövqeyini əks etdirməyə və üst-üstə düşməyə bilər. Bununla yanaşı, səfir F.Quliyev, son zamanlar xarici qüvvələrin maraqlarına xidmət edərək Gürcüstanda "dini şüarlar” altında yeniyetmə və gənc soydaşlarımızın istifadəsi ilə təşkil edilən “tədbirlər”, eləcə də sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı yazılan əsassız ittihamlar, xüsusən də Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinə qarşı Marneuli şəhərində, eləcə də Tbilisidə Azərbaycan səfirliyi önündə "aksiyaların” keçirilməsinin səfirlikdə və bütövlükdə Azərbaycanda cox ciddi narahatçılıq doğurduğunu qeyd etmişdir. 
Səfir F.Quliyev təəssüflə bildirmişdir ki, məhz bu qəbildən Azərbaycan dövlətinə qarşı soydaşlarımızdan ibarət formalaşan dini qruplar, onların dini pərdə altında qeyri-konstruktiv cəhdləri və yanaşmaları, eləcə də mövcud durum və cərəyan edən proseslər Azərbaycanda birmənalı qarşılanmır, mənfi qiymətləndirilir və bu mövzulara dair səslənən bəyanatlar anlaşılandır. Səfir F.Quliyev Tbilisidə Azərbaycan səfirliyi önündə xarici qüvvələrin sifarişi ilə təşkil edilmiş sözügedən “aksiyada” Bütün Gürcüstan Müsəlmanları İdarəsini təmsil edən axundun iştirakının da heç bir çərçivəyə sığmadığını vurğulamış, bu cür proseslərin, xüsusilə soydaşlarımızın yad təsirlər altına düşməsinin yol verilməz olduğunu diqqətə çatdırmış, din xadimlərindən bu məsələlərin nəzarətə götürülməsini xahiş etmişdir. 

Daha sonra səfir Gürcüstanda yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən layihələrdən söz açmışdır. Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırıq və göstərişlərinə əsasən “1+4” proqramı üzrə minlərlə gənc soydaşlarımızın təhsili üçün hər il müvafiq maddi dəstəyin göstərilməsi, məscidlərə hər il təmənnasız təbii qazın verilməsi, Heydər Əliyev Fondu, SOCAR-ın Gürcüstan nümayəndəliyi və digər qurumlar tərəfindən Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə yolların çəkilişi, idman komplekslərinin, uşaq bağçalarının, məktəblərin, xəstəxanaların təmir-tikintisinin, ödənişsiz təhsil kurslarının təşkil olunduğunu və s. digər mühüm layihələrin həyata keçirildiyini vurğulamışdır. Həmçinin, səfir F.Quliyev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin 2022-ci ilin iyul ayında Gürcüstana səfərini xatırladaraq, bu səfər müddətində Şeyx Həzrətlərinin Bütün Gürcüstan Müsəlmanları İdarəsini ziyarət edərək müvafiq dəstək göstərməsini, məzhəbindən asılı olmayaraq yüzlərlə din xadimi ilə nahar süfrəsi arxasında görüş keçirməsini qeyd etmişdir. Əlavə olaraq, F.Quliyev səfirliyin təşkilatçılığı, Qafqaz Müsəlmanları İdarəsi, SOCAR, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə Qurban, Ramazan və digər bayramlarda Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdə müxtəlif yardımların edildiyini, 2022-ci ildə Şeyx Həzrətləri A.Paşazadənin dəstəyi ilə Bütün Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən Məhərrəm ayında Gürcüstanın 12 şəhər-rayonunda ehsan süfrələrinin təşkil olunduğunu, məzhəbdən asılı olmayaraq ayrı-ayrı dini təşkilat və məscidlərin tədbirlərində səfirliyin iştirakının təmin edildiyini, eləcə də səfirliyin tədbirlərinə din xadimlərinin fərq qoyulmadan dəvət olunduğunu bildirmişdir.

Görüşdə olan din xadimləri yeniyetmə və gənc soydaşlarımızın istifadəsi ilə təşkil olunmuş sözügedən “aksiyaları” qınadıqlarını, yerli azərbaycanlıların xarici qüvvələrin əlində alət olmasının qəbul edilməz olduğunu bildirmişlər. Həmçinin, görüşdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov Azərbaycan səfirliyi önündə sözügedən “aksiyada” iştirak edən qurumlarının axundunun
təsir altına düşdüyünü və 
bununla bağlı artıq müvafiq tədbirlərin görüldüyünü xüsusi vurğulamışdır.

Daha sonra görüşdə Gürcüstanda məscidlərin tikintisi və qeydiyyatı prosedurları, eləcə də Azərbaycan dövləti tərəfindən Gürcüstanda məscidlərə verilən təmənnasız qaz limitinin artırılması və digər maraz kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşün sonunda səfir F.Quliyev bir daha qonaqları, bütün soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir. F.Quliyev xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan dövləti hər zaman Gürcüstanda yaşayan yüz minlərlə soydaşımızın bütün sahələrdə uğur qazanmaları üçün dəstək olacak və bu ən başlıca prioritetdir",- deyə bəyanatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər