Türkiyədən Azərbaycana gizli şəkildə qızıl-zinət əşyaları aparmaq istəyən şəxslər Gürcüstan sərhədində saxlanıldı
Hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşlarının gömrük nəzarətindən gizli şəkildə Gürcüstana 6 kiloqrama qədər qızıl-zinət əşyaları gətirmələri faktı müəyyən edilib.
InterPress.ge xəbər verir ki, məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
“Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin nümayəndələrinin koordinasiyası ilə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bu il yanvarın əvvəlində Gürcüstanın gömrük sərhədindən külli miqdarda bəyan edilməmiş qızıl-zinət əşyalarının gətirilməsi ilə bağlı 3 fakt aşkarlayıblar.
İstintaqla müəyyən edilib ki, Türkiyədən Azərbaycana yük avtomobilləri ilə tranzitlə müxtəlif növ yüklər aparan Azərbaycan vətəndaşları “Sarp” gömrük-keçid məntəqəsindən gömrük nəzarətindən gizlədilmiş şəkildə Gürcüstan ərazisinə ümumilikdə 6 kiloqramadək qızıl keçiriblər və bunların ümumi gömrük dəyəri 500.000 laridən çox olub.
Fakt Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin 2-ci hissəsi ilə araşdırılır”, - məlumatda deyilir.


