13 
Yan
2023
23:30
333

Səhiyyə naziri: "Uşaqlar və böyüklər üçün onkoloji müəssisəyə dövlət alternativinin olması zəruri və həyati əhəmiyyət kəsb edir"

Uşaqlar və böyüklər üçün onkoloji müəssisəyə dövlət alternativinin olması zəruri və həyati əhəmiyyət kəsb edir.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Zurab Azaraşvili bildirib.

Nazir onkoloji xəstəliyi olan uşaqlar üçün lazım olan xidmətlərdən danışıb və nazirlikdə bu istiqamətdə işlərə başlanıldığını qeyd edib.

“Təxminən 2 ay əvvəl İaşvili klinikasında müxtəlif problemlər müşahidə olunanda nazirlik tərəfindən məsələ qaldırmışdıq ki, niyə onkoloji xəstəliyi olan uşaqlara lazımi xidmət göstərən başqa müəssisə yoxdur və niyə dövlət ola bilməz?! Valideynlərin müalicə və həkimlərlə ünsiyyətdə müşahidə etdiyi problemləri nəzərə aldıq və belə qərara gəldik ki, uşaqlar və böyüklər üçün onkoloji müəssisənin dövlət alternativinin olması zəruri və həyati əhəmiyyət kəsb edir”, - Zurab Azaraşvili bildirib.

Nazir İxilov Tibb Mərkəzi ilə əməkdaşlıqdan da danışıb və xarici həmkarlarının təcrübəsinin Gürcüstan tərəfinə əhəmiyyətli dərəcədə kömək edəcəyini qeyd edib.

“Artıq xüsusi qrup yaradılıb, onlara müxtəlif ölkələrin təcrübəsi barədə məlumat verilib. İsrail ən yaxşı təcrübələrdən birinə malikdir. Ötən 2 gün ərzində nazirliyin dəvəti ilə İsrail nümayəndə heyəti ilə görüşlər keçirilib, həm infrastruktur, həm də təchizat baxımından ölkədə bu istiqamətdə mövcud imkanlarımız yerində qiymətləndirilib. Təhsil və tibb kadrları məsələsi də çox vacib komponentdir, çünki bu istiqamətdə rezidenturanı davam etdirmək niyyətində olan gənc nəsil üçün sıfırdan rezidentura proqramları yaradılmalıdır. Həmin vaxta qədər müvəffəqiyyət qazanan tələbələr dövlət maliyyəsi ilə xaricə göndəriləcək. Onlar təhsillərini bitirdikdən sonra dövlət klinikasında işləməyə davam edəcəklər”, - Zurab Azaraşvili bildirib.

Məlumatı Səhiyyə Nazirliyi yayıb.

Bizimlə əlaqə saxlayın