21 
Yan
2023
11:17
273

Tbilisidə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat verib.

"Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin mərkəzlə birgə təşkil etdiyi “20 Yanvar 1990 və 9 Aprel 1989 – Müstəqilliyə aparan yol” adlı tədbirdə Gürcüstan Parlamentinin Sədr müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze, Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim, azərbaycanlı icmanın üzvləri, ziyalılar, gənclər, Gürcüstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Azərbaycan və Gürcüstanın müstəqilliyi uğrunda həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. 

Açılış nitqi ilə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov 20 Yanvar faciəsinə aparan hadisələrin xronologiyasından söz açıb. O, bu günün Azərbaycanın tarixinə yalnız hüzn və matəm günü kimi deyil, həm də şərəf və qəhrəmanlıq günü kimi yazılıb. Müşavirin sözlərinə görə, qanlı hadisələr Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 

E.Bayramov Ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə hüquqi qiymətin verilməsində böyük rolu barədə də danışıb. O bildirib ki, qanlı hadisələrin səhəri günü Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək kəskin bəyanatlar vermiş, etiraz səsini ucaltmışdı.

Diplomat Azərbaycan və gürcü xalqlarının azadlığa gedən yolda oxşar talelərlə üzləşdiyini vurğulayaraq 20 Yanvar və 9 Aprel tarixlərinin hər iki xalqın yaddaşına əbədi həkk olunduğunu və şəhidlərin əziz xatirələrinin qəlblərdə daima yaşayacağını söyləyib.

Daha sonra çıxış edən Gürcüstan Parlamentinin Sədr müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arçil Talakvadze təşkil olunan anım mərasimində 9 Aprel qurbanlarının da xatirələrinin yad edilməsinə görə təşəkkürünü bildirib. O, parlamentin adından 20 Yanvar şəhidlərinin xatirələrinə dərin ehtiramını ifadə edib.

Vitse-spiker çıxışında Gürcüstan-Azərbaycan münasibətlərinə də toxunaraq ölkələr arasında strateji əməkdaşlığın önəminin daha da artdığını qeyd edib, iki ölkə arasında sıx əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib. 

Parlament sədrinin müavini Azərbaycan xalqına həmrəylik və dəstək ifadə edərək dost və tərəfdaş ölkəyə sabitlik və tərəqqi arzulayıb.

Türkiyə səfirinin müavini Onur Sevim də çıxış edərək Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim Azərbaycanın yanında olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın müstəqilliyi 20 Yanvar şəhidlərinin qanı və canı bahasına əldə olunub, şəhadətə qovuşmuş qəhrəmanların ruhları 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Zəfərlə rahatlıq tapıb. Diplomatın sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş əzəli torpaqlarına Böyük Qayıdışın başlamasına şahidlik etmək böyük məmnunluq və sevinc hissi yaradır. 

Anım mərasimi çərçivəsində “Qanlı Yanvar” və 1989-cu ilin aprelin 9-da Tbilisidə baş vermiş faciəni əks etdirən fotoşəkillərdən ibarət sərgi də təşkil olunub. Tədbirdə Azərbaycanın Əməkdar artisti Turan Manafzadə pianoda həzin musiqilər və vətənpərvərlik ruhunda bəstələnmiş mahnılar təqdim edib" - deyə səfirlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın