27 
Fev
2023
12:28
252

Vyanada Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib - FOTO

Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı aksiya keçirilib.

InterPress.ge xəbər verir ki, aksiyaya 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri qatılıblar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada vətənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soydaşlarımız, eləcə də onlara dəstək verən əcnəbilər Azərbaycanın və yaşadıqları ölkələrin bayraqlarını dalğalandırıb, Xocalı soyqırımının tanıdılmasını, eləcə də dünyadan ədalət gözləntilərini əks etdirən şüarlar yazılmış plakatlar nümayiş etdiriblər. 

İştirakçılar Xocalı soyqırımı ilə bağlı məlumatları, eyni zamanda Azərbaycan xalqının 31 ildir ədalət gözlədiyini ingilis, litov, serb, alman, italyan, fransız, yunan, polyak, ivrit, azərbaycan, gürcü, norveç, fin, ispan, türk dillərində diqqətə çatdırıb, bu dəhşətli hərbi cinayətə hüquqi-siyasi qiymətin verilməsini, günahkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab vermələrini tələb ediblər.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xocalı soyqırımına həsr edilmiş sənədli filmin nümayiş olunduğu aksiyada soyqırım qurbanları klassik musiqi nömrələrinin səsləndirilməsi ilə xatırlanıb, yerli ictimaiyyətin marağına səbəb olan fləşmoblar keçirilib.

Diaspor nümayəndələrinin “Xocalı 613” yazısının ətrafına şamlar düzməsi soyqırım həqiqətlərinin inikasına çevrilib, ətrafdakılara xüsusi təsir bağışlayıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.

Aksiya çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən kitab, buklet, broşür və materiallar şəhər ictimaiyyətinə paylanılıb.

Aksiyada Gürcüstandan 9 nümayəndə iştirak edib.

“Qeyd edək ki, Avtriyanın paytaxtı Vyana şəhərində Xocalı qətliamına həsr olunmuş mitinqdə Tbilisidəki Beynəlxalq Hüquq Mərkəzinin rəhbəri Əli Bədirov gürcü dilində çıxış edərək dünya ictimaiyyətinə Xocalıya dair həqiqətləri mitinq iştirakçılarına  çatdırmışdır. Biz --   Gürcüstanı təmsil edən soydaşlarımız Gürcüstan və Azərbaycan bayraqlarını dalğalandırdıq və  Xocalı faciəsini  əks etdirən şüarlar yazılmış plakatlar nümayiş etdirdik", - "Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova deyib.

 
"Ümumavropa "Xocalıya Ədalət!" mitinqini Avstriyanın paytaxtı Vyana şəhərində yüksək səviyyədə təşkilən edən bütün təşkilatçılara öz adımnan və rəhbərlik etdiyim Gürcüstandakı "Azərbaycan Evi" adından dərin minnətdarlığımı bildirirəm. Mitinqdə 1000 nəfərdən artıq dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıların iştirakını birliyin, həmrəyliyin və ən əsası Azərbaycanmızın yanında olduqlarını, eləcədə Azərbaycanmızın həqiqətlərinin təbliğində oynadıqları yüksək rolunu hiss etdik.

Diasporla İş Üzrə Dövlət Komitəsinin dünyada azərbaycan lobbisinin güclənməsində gördüyü işləri danılmazdır. Mitinq Xocalı soyqırımının tanıdılması və təbliği üçün bir vasitədir. Mitinqdə Vyana sakinlərinin, eləcədə digər əcənəbilərin də olduğunu müşahidə etdik. Bizdə mitinqə Gürcüstandan qatılaraq, soydaşlarımızla birlikdə Vyana şəhərində "Xocalıya Ədalət!" tələb etdik. İllər keçsə də Xocalı soyqırımına ədalət tələb edəcəyik, Xocalı qətlamını törədənlər, törədiklərinə görə cinayətə cəlb olunacaqlar. Biz harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycanımıza və xalqımıza qarşı törədilən bütün cinayətləri dünya ictimaiyyətinə çatdırmalıyıq", - Marneulidəki "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov deyib.

Sonda aksiyanın bəyanatı ingilis və alman dillərində təqdim olunub.

Bizimlə əlaqə saxlayın