14 
Mar
2023
16:43
3049

Azərbaycan dili və ədəbiyyat müəllimlərinin baş müəllim statusu almaları ilə bağlı yeniliklər

2019-cu ilin 23 may tarixində qəbul edilən “Müəllimin peşəkar inkişafı və karyera yüksəlişi sxeminin təsdiq edilməsi” ilə bağlı 241 saylı qərara dəyişikliklər edilib.

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin 13 mart, 2023- il tarixində imzaladığı qərarda Azərbaycan dili və ədəbiyyat müəllimlərinin baş müəllim statusu almaları ilə bağlı yeniliklər də öz əksini tapıb. 

• Qeyri-gürcü dilli məktəblərdə 31 dekabr 2022-ci il tarixinə kimi Azərbaycan dili və ədəbiyyat fənnindən 10 kredit toplayan “təcrübəçi statusu” olan müəllimlərə birbaşa baş müəllim statusu veriləcək.

• Qeyri-gürcü dilli məktəblərdə 31 dekabr 2022-ci ilə qədər Azərbaycan dili və ədəbiyyat fənnindən və peşə bacarıqlarından minimum 1 kredit toplayan müəllimlər birbaşa baş müəllim statusu alacaqlar.  

• “Təcrübəçi müəllim statusu” Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün 2025-2026-cı tədris ilinin sonuna kimi qüvvədədir. 

Qeyd edək ki, 2022-ci ilin 19 dekabr tarixində ictimai fəal Aygül İsayevanın təşəbbüsü ilə 1000-ə yaxın müəllimin imzası ilə bir azərbacaycandilli məktəblərdə yaşanan problemlərlə bağlı Gürcüstanın dövlət qurumlarına müraciət ünvanlamışdılar. Müraciətdə Azərbaycan dili və ədəbiyyat müəllimlərinə qarşı edilən ədalətsizlik, bu müəllimlərin 10 il ərzində fənn imtahanında iştirak etmək hüququndan məhrum olması vurğulanmış və ədalətsizliyin bərpa edilməsi tələb edilmişdi: 

“Yaşından asılı olmayaraq öz fənnindən 10 kredit toplayan müəllimlərə birbaşa “baş müəllim” statusu verilsin. Diqqətinizə çatdırırıq ki, 2022-ci ilin yanvar ayında belə bir qayda var idi, 10 kredit toplayanlara birbaşa baş müəllim statsu verilirdi. Bir neçə aydan sonra bu qayda dəyişdirildi, 1 və ya 10 kredit toplaya müəllimlər arasında fərq qoyulmadı. Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən müəllimlər üçün fənn imtahanı 10 ilə yaxın müdddət ərzində təşkil edilmirdi. Yalnız 2022-ci ildən Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən müəllimlər fənn imtahanlarında iştirak etmək hüququ əldə etdilər. Qaydaların dəyişdirilməsi ilk növbədə Azərbaycan dili və ədəbiyyat müəllimlərinə qarşı ədalətsizlikdir, həmçinin eyni zamanda diskriminasiyadır.”

Məsələ ilə bağlı Aygül İsayeva ilə əlaqə saxladıq, müəllimlərin diplomunda “müəllim” yazılması, başqa ölkələrdə universiteti bitirmələri ilə bağlı yaşanan suallara da aydınlıq gətirildi: “Şadam ki, qismən də olsa qaldırdığımız problemlər həllini tapır. Verilən qərar diplomda “müəllim” yazılıb-yazılmamaından asılı olmayaraq, eləcə də hansı ölkədə universiteti bitirmələrindən asılı olmayaraq, 2022-ci ilin 31 dekabr tarixinə kimi Azərbaycan dili və ədəbiyyat fənnindən 10 kredit toplayan müəllimlərə şamil ediləcək və bu müəllimlər baş müəllim statusunu alacaqlar. Həmçinin, keçən il fənn imtahanından 1, 4, 7 kredit toplayan müəllimlər üçün gürcü dili üzrə kursları keçmək tələbi olmayacaq. Həmin müəllimlər peşə bacarıqları üzrə uzunmüddətli treninqləri keçdikdən sonra baş müəllim statusunu alacaqlar".

 

 

Bizimlə əlaqə saxlayın