İrakli Kobaxidze: “Milli Hərəkat” dağılıb, ona heç nə kömək edə bilməz
“Milli Hərəkat” dağılıb. Çox pis keçmişi olan siyasi partiya böhran yaşayır. Biz hər cür çalışacağıq ki, partiyanın dağılması prosesini asanlaşdıraq”.
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze “Milli Hərəkat”da baş verənləri belə qiymətləndirib.
Kobaxidzenin qeyd etdiyinə görə, “Milli Hərəkat”ın tərkibində çoxlu cərəyanlar və cinahlar formalaşıb ki, bu da bu siyasi partiyanın zəifliyindən xəbər verir.
“Bilirsiniz ki, “Milli Hərəkat” ən azı iki yerə bölünüb, iki fərqli qanadı var. Davit Kezeraşvili ilə Vano Merabişvilinin qarşıdurması artıq üzə çıxıb.
Onların sədri Xabeişvilidir, bu adamı hamı tanıyır. Onların əsas donoru Kezeraşvilidir, ziyalı lideri Merabişvilidir, təbii ki, bütün bunları bir qədər sarkazmla deyirəm. Bu vəziyyətdə nə qədər seçki keçirsələr də, hansı tədbir görsələr də, “Milli Hərəkat”a heç nə kömək etməyəcək. Bu, Gürcüstan demokratiyası üçün yaxşı prosesdir.
Nika Melianın qanadının “Milli Hərəkat”dan kənarda qalması hər kəsə məlumdur. Nika Melia partiya daxilində separatçı fraksiya yaratmağa çalışır. Bu yaxşıdır, “Milli Hərəkat” daxilində nə qədər çox parçalanma olarsa, siyasi proseslərin düzgün inkişafı bir o qədər yaxşı olar. Bunun təzahürü Nika Melianın ayrıca ofis yaratması, fraksiya üzvlərinin fraksiyanı tərk etməsi və s-dir.
Bu proses parlament seçkilərinə qədər davam etməli və nəticədə “Milli Hərəkat”ın siyasi məkanda neytrallaşdırılmasına gətirib çıxarmalıdır. Nə qədər ki, bu qanlı, cinayətkar, siyasi qüvvə iki nömrəli siyasi partiyadır, bizim siyasi sistemimiz tam bərpa oluna bilməyəcək”, - Kobaxidze bildirib.


