İlya Darçiaşvili: Avropa və Avro-Atlantik inteqrasiyamız istiqamətində Polşanın dəstəyi çox vacibdir
“Polşanın Avropa və Avro-Atlantik inteqrasiyamız istiqamətində dəstəyi həyati əhəmiyyət kəsb edir”.
InterPress.ge xəbər verir ki, bu barədə xarici işlər naziri İliya Darçiaşvili Polşanın Xarici İşlər Naziri Zbiqnev Rau ilə görüşdən sonra bildirib.
Nazirin sözlərinə görə, o, görüşdə qeyd edib ki, Gürcüstan Avropa Komissiyasının 12 bəndini yerinə yetirmək üçün hər şeyi edir.
“Gürcüstan və Polşa dəyərli tərəfdaşlar və həmfikir ölkələrdir. Bizi təkcə dərin tarixi bağlar və çoxillik dostluq ənənələri deyil, həm də ümumi maraqlar birləşdirir. Gürcü xalqı ölkəmizin yaxın tarixinin ən çətin dövründə Polşanın fədakar dəstəyini həmişə xatırlayacaq. Gürcüstanın böyük dostu, prezident Lex Kaçinskinin ölkəmizə verdiyi güclü dəstəyi unudulmazdır. Biz Polşanın ölkəmizin Avropa və Avro-Atlantik istəklərinə sarsılmaz dəstəyinə görə çox minnətdarıq. Bu gün də Polşa bizim xarici prioritetlərimizin həyata keçirilməsində mühüm rol oynayır. Nazirin Gürcüstana səfəri bu əməkdaşlığı daha da gücləndirəcək. Xüsusi vurğulamaq istərdim ki, bizim Avropa və Avro-Atlantik inteqrasiyamız istiqamətində Polşanın dəstəyi həyati əhəmiyyət kəsb edir. Biz şadıq ki, Polşa belə güclü dostdur. Söhbət zamanı bizim üçün həyati əhəmiyyət kəsb edən Aİ üzvlüyünə namizəd statusunun verilməsinə diqqət yetirdik. Biz əməkdaşlıq çərçivəsində dostlarımızı bu istiqamətdə daha çox necə səfərbər edəcəyimizdən danışdıq. Həmçinin, Gürcüstanın 12 prioritet istiqamətində nələr gördüyü, hansı islahatların aparıldığı barədə danışmaq imkanım oldu. Əsas hissənin bitdiyini bilirik. Biz bu prioritetləri yerinə yetirmək üçün fəal işləməyi davam etdiririk ki, ilin sonuna qədər Gürcüstan namizəd statusu alsın. Mən onu da vurğuladım ki, Avropa İttifaqına daxil olmaq üçün konkret şərtlərin yerinə yetirilməsi ilə yanaşı, Avropa İttifaqı ilə geniş siyasi, iqtisadi və sektoral inteqrasiya prosesini davam etdiririk”, - İliya Darçiaşvili bildirib.


