Tbilisidə yerləşən Botanik bağında Alyans Gənclər Mərkəzi ağacəkmə aksiyası təşkil edib - FOTO
“Heydər Əliyev İli” çərçivəsində Tbilisidəki Botanika bağında, azərbaycanlıların panteonunun yaxınlığında ağacəkmə aksiyası keçirilib.
InterPress.ge xəbər verir ki, ağacəkmə aksiyası “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.
Aksiyada Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Adil Əliyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, yerli ictimaiyyətin nümayəndələri, müəllim-tələbə heyəti və valideynlər iştirak ediblər.
Aksiya iştirakçılarına müraciət edən Adil Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, onun Azərbaycan qarşısındakı misilsiz və əvəzsiz xidmətlərinə diqqəti cəlb edib. Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafının da məhz dahi şəxsiyyətin adı ilə bağlı olduğu, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycanın mövqeyinin dünyada daha da möhkəmlənməsinə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olduğu, bu gün Gürcüstanda Azərbaycana böyük hörmətlə yanaşıldığı, Gürcüstanda yaşayan azərbaycanlıların Azərbaycanla qürur duyduğu vurğulanıb. Vitse-spiker “Alyans” Gənclər Mərkəzinin ağacəkmə aksiyası təşkil etməsini yüksək qiymətləndirib.
Mərkəzin adından sədr Leyla Əmrahova və icraçı direktor Rəna Hüseynova çıxış ediblər. Bu aksiyanın Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edildiyi, Botanika bağı ilə əməkdaşlığın və ağacəkmə aksiyalarının davam edəcəyi bildirilib.
Panteonda palıd ağacları əkildikdən sonra qonaqlar və aksiya iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Fətəli xan Xoyski, Həsən bəy Ağayev, şair mütəfəkkir Mirzə Şəfi Vazeh və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin məzarlarını ziyarət ediblər.





