
Kaxa Kaladze: "Avqustun 29-da Tbilisiyə yağan yağış 300-ə yaxın ünvanda infrastruktura ziyan vurub"
Avqustun 29-da Tbilisiyə yağan güclü yağış nəticəsində 300-ə yaxın ünvanda infrastruktura ziyan dəyib.
InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meri Kaxa Kaladze məlumat verib.
“Avqustun 29-da yağan bol yağıntı paytaxtın bəzi ərazilərində, konkret ərazilərdə çox böyük problem yaradıb. Mütəxəssislərin dediyinə görə, bu üç saat ərzində düşən yağıntı 2015-ci il iyunun 13-də düşən yağıntının həcmini azı iki dəfə üstələyib.
Bütün gecə boyunca xidmətlərimizin və idarə heyətimizin nümayəndələri problemi olan bütün insanlara kömək etmək üçün əllərindən gələni etdilər. Avqustun 29-u saat 21:00-dan avqustun 30-u günün sonuna kimi “Qaynar xətt”ə hava şəraitinin pisləşməsi ilə bağlı 600-dən çox məlumat daxil olub. Heç bir mesaj cavabsız qalmayıb. Biz hər yerdə olmuşuq və mövcud vəziyyəti qiymətləndirmişik.
Güclü yağış nəticəsində 300-ə yaxın ünvanda infrastruktura ziyan dəyib və yaxın vaxtlarda hər şey düzəldiləcək və bərpa olunacaq. Zədələnmiş infrastrukturun bərpası üçün vəsait ayrılıb. Administrasiyaların və müvafiq xidmətlərin nümayəndələri yaxın vaxtlarda işə başlayacaqlar”, - deyə Tbilisi meri bildirib.