Nikol Paşinyan: “ Ermənistan artıq öz təhlükəsizliyinin qarantı kimi Rusiyaya arxalana bilməz“
"Ermənistan artıq öz təhlükəsizliyinin qarantı kimi Rusiyaya arxalana bilməz".
InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə müsahibəsində bildirib.
Paşinyanın sözlərinə görə, Rusiyanın Ukraynaya fəlakətli işğalı səbəbindən Ermənistan Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusunun artmasına baxmayaraq, öz təhlükəsizliyinin təminatçısı kimi artıq Moskvaya arxalana bilməyəcəyini qeyd edib.
“Ukraynadakı hadisələrə görə Rusiyanın imkanları dəyişib... Bizim strategiyamız belə bir vəziyyətdə başqalarından asılılığı mümkün qədər azaltmaq olmalıdır. Biz müstəqil ölkəyə, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində olmamaq üçün yollarımız olmalıdır... Ermənistanın "proxy" olması ehtimalı olmamalıdır. Bu qəbuledilməzdir”, - Paşinyan bildirib.
Ermənistanın hökumət başçısı, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Onlar öz missiyalarını icra edə bilmirlər. Hərçənd onlar Qarabağda olmasa idi, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”.
Baş nazirin sözlərinə görə, hazırda artan gərginlik fonunda eskalasiya ehtimalını istisna etmək mümkün deyil: “Ermənistan buna hazırdır. Bununla belə, əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.