
Azərbaycanın Gürcüstandakı səfiri Bolnisidə şəhid ailəsini ziyarət edib - FOTO
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları sentyabrın 23-də Bolnisi rayonunun Saraclı kəndindən olan şəhid Azərbaycan ordusunun zabiti kapitan Sahib Natiq oğlu Daşdəmirovun ailəsini ziyarət ediblər.
InterPress.ge xəbər verir ki, səfir şəhidin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib. Xalqımızın öz şəhidləri ilə qürur duyduğunu vurğulayıb.
Diplomat Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə Gürcüstandan olan yerli azərbaycanlıların rolunu xüsusi qeyd edib. Təkcə Qarabağ müharibəsi zamanı Gürcüstan əsili 23 hərbçinin şəhidlik zirvəsinə yüksəldiyini qeyd edib.
Bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Azərbaycan dövlətinin şəhid və qazi ailələrinə, müharibədə xəsarət almış insanlara böyük diqqət göstərir. Gürcüstandan olan şəhidlərin ailələri də bu qayğı ilə əhatə olunublar.
Diplomat eyni zamanda qeyd edib ki, Azərbaycan dövlətinin başçısının tapşırığına əsasən şəhid ailələrini daim ziyarət edir, onlara diqqət və qayğı göstərir. Gürcüstandan olan şəhdlərlə bağlı kitablar hazırlanıb, filmlər çəkilib. Bu işlər bundan sonra da davam etdiriləcək, şəhidlər qəlblərdə daim yaşayacağlar.
Şəhidin atası Natiq Daşdəmirov Bakıda oğlunun dəfn mərasimində iştirak etdiyi üçün səfir onunla birbaşa telefon bağlantası qurub və bir daha ailəyə baş sağlığı verib.
Şəhidin atası Natik Daşdəmirov və hazırda Saraclıda olan şəhidin əmisi Qafqaz Daşdəmirov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və səfirliyə minnətdarlığını bildiriblər.
Kənd ağsaqqalları adından çıxış edən Məhəmməd İsayev şəhid kapitan Sahib Daşdəmirovun Saraclıda doğluduğunu, məktəb illərində hərçi olmaq arzusunda olduğunu bildirib və onun özünü əsl vətənpərvər kimi göstərdiyini qeyd edib. Onun və digər şəhidlərin qəhrəmanlığının digər yeniyetmə və gəclərimiz üçün örnək olduğu xüsusi vurğulayıb.
Bir fikir xüsusi olaraq vurğulanıb ki, Gürcüstanda yaşayan azərbaycanlılar daim doğma Azərbaycan üçün canından keçməyə hazırdır.
Qeyd olunub ki, Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror tədbirlərinin tez bir zamanda qələbə ilə başa çatması Gürcüstanda yaşayan azərbaycanlılara hədsiz sevinc yaşadıb. Bu qələbə regionda əminamanlığa, sülh və sabitliyə yol açacaq. Bu da regiondakı bütün xalqların yaxşı yaşamasına imkan yaradacaq.
Mərasimdə Bolnisi rayonunun ağsaqqalları, ziyalılar və kənd sakinləri iştirak ediblər.