Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını real adlandırıb
Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır.
InterPress.ge Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.
Onun sözlərinə görə, Ermənistan regionda kommunikasiyaların açılması üçün effektiv və konkret addımlar atmağa hazırdır: “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışır və müzakirə edirik”.
N.Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu rabitəsini bərpa etməyə, həm də yenilərini inşa etməyə hazırdır: “Xüsusilə, söhbət şimal istiqamətindən, yəni Qazaxı Ermənistanın Tavuş rayonu ilə və Azərbaycanın qərb hissəsi ilə Naxçıvanı birləşdirəcək marşrutdan gedir. Bu rabitəni şimal istiqaməti ilə də təmin etmək olar”.
“Biz Türkiyə ilə dəmir yolları və avtomobil yollarının açılmasına eyni hazırlığı nümayiş etdiririk”, - o bildirib.
Onun fikrincə, kommunikasiyaların açılması təkcə regiona əhəmiyyətli təsir göstərməyəcək, həm də iqtisadi əlaqələri gücləndirəcək və qlobal təhlükəsizlik məsələlərini həll edəcək.