"QANUN" hüquqi yardım mərkəzi hüquqi problemləri olan vətəndaşları qəbul etməyə başlayıb
"QANUN" hüquqi yardım mərkəzi Marneulidə yerləşən Azərbaycan evində hüquqi problemləri olan vətəndaşları qəbul etməyə başlayıb.
InterPress.ge xəbər verir ki, ilk qəbul günündə doqquz Gürcüstan vətəndaşı qəbul edilərək problemləri dinlənilib.
"QANUN" hüquqi yardım mərkəzinin direktoru Əli Bədirov müsahibəsində bildirib ki, ilk qəbul günündə fərqli problemləri olan 9 vətəndaş iştirak edib.
"Onlardan ikisinin hərbi xidmətə getməmə səbəbi olmağına baxmayaraq, hərbi xidmətə aparılma təhlükəsi olduğuna görə müraciət ediblər. Hər ikisi üçün də, lazımi ərizələr yazılıb, imzalanıb və dövlət qurumuna göndərilib. Bir vətəndaş isə öz işiylə bağlı verilən məhkəmə qərarlarını tapa bilmədiyinə görə, onun adı ilə lazımi ərizə yazılıb və məhkəmənin elektron poçt ünvanına göndərilib. Hər doqquz vətəndaşın problemləriylə tanış olunub və lazımi hüquqi məsləhətlər verilib. Bu cür qəbul günləri təbii ki, davam edəcək və soydaşlarımız bu gündən faydalana bilərlər" - deyə Əli Bədirov vurğulayıb.


