05 
Iyn
2024
15:00
483

Mən bacardım, sən də bacaracaqsan

Ali təhsil müəssisəsinə qəbul olmaq çox çətin görünürdü, bəlkə də imkansız. Qızların bəzən oxumaq üçün nə qədər çətin yollardan keçdiyini özünüz də bilirsiniz. Bu çətin yolda anamın, babamın və bacımın dəstəyini unuda bilmərəm. Məhz onların mənə etibar etməsi ilə evdən gizlincə çıxıb imtahan verməyə getdim. Çox keçmədi ki, Tbilisi Dövlət Universitetinə qəbul oldum. İndi tək problem qalmışdı, təhsil haqqını necə ödəyəcəkdik. Hələ tədris prosesi başlamazdan əvvəl bir tanışım dedi ki, “SOCAR” şirkəti azərbaycanlı tələbələrin təhsil haqqını ödəyir. Artıq önümdə heç bir maneə qalmamışdı. Tədris başladı, çox həyəcanlı idim. Heç xəyal etmədiyim bir mühitin içinə düşdüm, həm həyəcan, həm də qorxu var idi. Beynimdə daim bir sual döndürdü: “mən bunu bacara biləcəmmi?”. Həmişə özümü motivasiya etmişəm, zor da olsa bacaracam deyirdim. Universitetə başlayandan 1 il keçmədi ki, təsəttürə keçdim. Yad baxışları artıq hiss etməyə başlamışdım. Bəzi müəllimlər hətta mənə deyirdi ki, “ bu halınla universitetə davam edə bilməzsən, qanunvericilikdə buna icazə yoxdur”. Bu sözlər mənə səmimi gəlmədi. Mən məqsədimdən dönmədim. Bu arada bir tərəfdən iş axtarıram, ancaq iş yoxdur. Əslində var, ancaq mənim üçün yoxdur, mənə kimsənin verəcəyi iş yoxdur. Hara gedirsən görünüşə baxırlar. Xoşuna gəlməyəndə götürmürlər. “Nə edək, universiteti bitirəndən sonra öz qazancım olar, bir müddət də kasıb tələbə olaram” dedim və yoluma davam etdim. Təbii bu sırada yoldaşlarım ilə gəzməklərə də getmirdim. Gün keçdi, ay keçdi, belə-belə universiteti bitirirdim. Özüm müəllimlik oxumuşam. Yoldaşım mənə internetdə vakansiya gördüyünü və bu şansı əldən qaçırmamağımı söylədi. Ümidsiz halda ərizə göndərdim, onsuz da hicablı qadını kimsə qəbul etməyəcəkdi. Amma düşündüyümün tam əksi oldu. Zəhmətim bəhrəsini verməyə başlayırdı. Elə həmin gün işə başladım. Və mən, hər gün məqalələrimi oxuduğunuz Humay Məmmədovayam. Mən gələcəyimin işığını burda gördüm. Mənə ilk qapılarını açan InterPress.ge-nin direktoruna buradan səslənirəm: “yaxşı ki, varsan”. Artıq müəllimə kimi fəaliyyət də göstərirəm. Arzularıma çatmışam, xoşbəxt ailəm, iki oğlum var. Mənim problemimi və ya oxşar problem yaşayan gənc qızlarımıza səslənirəm: “səbrli olun, hər şey yaxşı olacaq”. Gələcək kariyeranız sizi tapacaq.

Bizimlə əlaqə saxlayın