Bolnisi rayonunun Həsənxocalı kəndində “Bazar Günü Məktəbi” fəaliyyətə başlayacaq
Bolnisi rayonunun Həsənxocalı kəndində fəaliyyət göstərən “Parlaq Gələcək” Gənclər Mərkəzi ictimai əsaslarla kəndin riyaziyyat müəllimi Araz Musayev tərəfindən yaradılıb.
InterPress.ge xəbər verir ki, A.Musayev ADA Universitetinin Qazax rayonundakı filialının magistrantıdır. Keçən il
A.Musayevin çalışdığı məktəbi bitirən şagirdlərin 11-i Gürcüstanın ali məktəblərinə qəbul olunub.
A.Musayev müsahibəsində deyib ki, kənddə alternativ bir təhsil mərkəzinə ehiyac var idi: “Müşahidələr göstərirdi ki, orta məktəbi bitirən gənclərin ali təhsil almağa meyilləri yoxdur. Digər tərəfdən də erkən nikah məsələsi də problem olaraq qalırdı. Bəzi valideynlər qız uşaqlarını məktəbdən uzaqlaşdırırdılar. Direktor və müəllimlərlə danışıb buna mane olmağı qərar verdik”. Onun sözlərinə görə, bu işdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin də rolu olub. Bakıda Komitənin sədri Fuad Muradovla görüşdən sonra Mərkəzin yaradılmasına qərar verilib və ilkin mərhələdə “Bazar Günü Məktəbi” yaradılacaq. İndi isə “Parlaq Gələcək” Gənclər Mərkəzi olaraq gənclərə daha geniş xidmət göstərilir.
“Ümumiyyətlə, belə mərkəzlər Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi və yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək verir”, – deyə A.Musayev vurğulayıb.
Mərkəzdə Azərbaycan, gürcü və ingilis dillərinin tədrisi ölkədə multietnik dialoqa və mədəni rəngarəngliyə də dəstək olur. Mərkəz rəhbərinin sözlərinə görə, artıq erkən nikahla bağlı da müəyyən irəliləyişlər var. Burada həm Mərkəzin rolu olub, həm də qanuna edilən dəyişiklik öz müsbət təsirini göstərir. Belə ki, 2015-ci ilin dekabrınadək 16-18 yaş arasında qızlar valideynlərinin razılığı ilə rəsmi ailə qura bilərdilər. Lakin Ombudsmanın təklifi ilə 2017-ci ildə Gürcüstan Mülki Məcəlləsinə edilən dəyişiklikdən sonra 18 yaşdan aşağı qızlarla nikah tam qadağan olunub. İndi gənclərin ali təhsilə marağı daha artıb və onların erkən nikaha məcbur edilməsi halları xeyli azalıb.