Türkiyə Gürcüstana NATO standartlarına cavab verən zirehli texnikalar verib
Türkiyə tərəfi ilə imzalanmış müqavilə əsasında müdafiə qüvvələri NATO standartlarına uyğun yeni VURAN zirehli maşınlar alıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
4-cü Piyada Briqadasının Vazianidəki poliqonunda VURAN zirehli texnikalarının təhvil verilməsi mərasimi keçirilib.
"VURAN zirehli maşınlar avadanlığı və alt sistemləri ilə NATO standartlarına uyğundur. Gürcüstan Müdafiə Qüvvələrinin adıçəkilən zirehli texnika ilə təchiz edilməsi Gürcüstanın müdafiə qabiliyyətinin güclənməsinə və Türkiyə ilə Gürcüstan arasında əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfə verəcək", - deyə bildirilib.
Tədbirdə müdafiə nazirinin müavini Serqo Canelidze, Müdafiə Qüvvələri komandanının müavini, briqada generalı İrakli Çiçinadze, maddi-texniki təminat komandiri, briqada generalı Kaxa Tabatadze, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Ali Kaan Orbay və müdafiə attaşesi iştirak ediblər. Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin tabeliyində olan “ASFAT” şirkətinin baş meneceri tədbirdə iştirak etmək üçün Gürcüstana gəlib.


