Qardabani Təhsil və İnteqrasiya Mərkəzində təhsil alan tələbələr sertifikatla təltif olunublar
Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən “Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə tədris ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə tədris ilini uğurla başa vuran tələbələrə və şagirdlərə sertifikatlar təqdim olunub.
Mərkəzin direktoru Çiçək Hüseynova çıxışında bildirib ki, 2023-cü ilin sentyabrında fəaliyyətə başlayan mərkəzdə 300-ə yaxın tələbə və şagird Azərbaycan, gürcü və ingilis dilləri, eləcə də rəsm, musiqi üzrə təhsil alıb, bilik və bacarıqlarını artırıblar. Kursları uğurla başa vuran 220 nəfərə sertifikatlar verilib.
Təhsil və İnteqrasiya Mərkəzinin təsisçisi Raul Əliyev bildirib ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsininn dəstəyi və layihələri çərçivəsində fəaliyyətə başlayan mərkəz artıq cəmiyyətdə böyük nüfuz qazanıb. Mərkəzdə onların keyfiyyətli təhsil almaları, bilik və bacarıqlarını artırmaları üçün hər cür şərait yaradılıb. O, göstərilən dəstəyə və qayğıya görə, Azərbaycan dövlətinə minnətdarlığını bildirib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxışında Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. Gəncləri daha yaxşı oxumağa, təhsil almağa dəvət edən diplomat bildirib ki, təhsil insanların inteqrasiyasında mühüm rol oynayır.
Qafqaz Müsəlmanlar İdarəsinin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov, fəlsəfə elmləri doktoru Aygül İsayeva, ”Maarif” qəzetinin redaktoru Ələddin Qarabağlı, mərkəzin Azəbaycan dilli müəllimi Sevda Şahverdiyeva çıxış edərək gənclərə uğurlar arzulayıblar.
Tədbirdə Azərbaycanın Gürcüstandaki səfirliyin əməkdaşı Cavid Mərhərrəmov, Qardabani merinin müavini Fuad Mirzəyev, Qafqaz Müsalmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov, ziyalilar və valideyinlər iştirak ediblər.





