DAK sədrinin müşaviri “Qabal İnkişaf Mərkəzində” gənclər, şagirdlər və ictimai fəallarla görüşüb
Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrinin müşaviri Mehman Rəsulov Gürcüstanda fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzində” gənclər, şagirdlər və ictimai fəallarla görüşüb.
InterPress.ge xəbər verir ki, görüşdə Mehman Rəsulov müasir müstəqil Azərbaycanın taleyinin etibarlı əllərdə olduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri sırasında layiqincə təmsil olunduğunu, beynəlxalq aləmdə nüfuzunun artdığını, davamlı inkişafın, sabitliyin təmin edildiyini vurğulayıb.
O, xaricdə yaşayan soydaşlarımıza qayğı və diqqət göstərilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun dövlətimizin başçısı tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Mehman Rəsulov daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi barədə ətraflı məlumat verib.
Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparıldı, diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi və bu sahəyə məsul dövlət qurumu yaradıldı.
Onun sözlərinə görə, dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diasporla iş sahəsində daha effektiv fəaliyyət göstərməyi vacib edir.
Müşavir deyib ki, 44 günlük Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq milli birlik nümayiş etdirdi. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi və beləliklə, Azərbaycan xalqı və dövləti ilə yanaşı, diasporumuz da yeni bir mərhələyə qədəm qoydu. Gürcüstanda yaşayan soydaşlarımız da dövlətçiliyə sadiq, zəhmətkeş və vətənpərvərdirlər.
“İnanıram ki, “Qabal İnkişaf Mərkəzi” də Gürcüstan azərbaycanlılarının inteqrasiyası sahəsində böyük nəticə əldə edəcək”, – deyə M.Rəsulov vurğulayıb.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlıların inteqrasiyası və sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihə və tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
Gürcüstan və Azərbaycan arasında qədim tarixə malik dostluq haqqında gənclərə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
.jpeg)


