Gürcüstanın bütün əhalisi nə vaxt içməli su ilə təmin olunacaq?
Gürcüstan hökumətinin 2024-cü il proqramına əsasən, bu il müxtəlif kənd və şəhərlərdə əhalinin içməli su ilə təminatı üçün infrastruktur layihələri həyata keçiriləcək.
InterPress.ge xəbər verir ki, 2030-cu ilə qədər bütün ölkə əhalisini standartlara uyğun su ilə təmin etmək planlaşdırılır.
“Əhalinin 24 saat fasiləsiz, keyfiyyətli içməli su ilə təmin edilməsi Gürcüstan hökumətinin prioritetlərindən biridir. Bu məqsədlə 2025-ci ilin sonunadək cari layihələrin başa çatdırılması nəticəsində Gürcüstanın bütün şəhərləri fasiləsiz su ilə təmin olunacaq.
Bu məqsədə nail olmaq üçün 2024-cü ildə 20 şəhərdə müxtəlif mərhələlərdə layihələr həyata keçiriləcək. Həyata keçirilən layihələr nəticəsində 2024-cü ilin sonunadək 365 min benefisiar su təchizatının yaxşılaşdırılmasından faydalanacaq, onlardan 130 min nəfərin heç vaxt mərkəzləşdirilmiş su təchizatına çıxışı olmayıb.
Bir sıra qəsəbə və kəndlər su ilə təmin olunacaq ki, bu da öz növbəsində müvafiq qəsəbənin turizm potensialının inkişafına töhfə verəcək.
2024-cü ildə Vale, Ğvareli və Marneuli şəhərləri də daxil olmaqla, 100-dən çox yerdə su təchizatı layihələri həyata keçirilir, onlardan 30-u həmin ildə başa çatdırılacaq.
Bundan əlavə, kəndlərin su ilə təminatı üçün növbəti illərdə də işlər davam etdiriləcək ki, 2030-cu ilin sonuna qədər müxtəlif həll yolları ilə bütün ölkə əhalisinin 100%-i sudan istifadə edə bilsin”, - hökumət proqramının sənədində deyilir.