Qaçağan kəndində iti amansızlıqla döyən şəxsə həbs cəzası verildi
Bolnisi məhkəməsi heyvana qarşı amansız davrandığına görə saxlanılan şəxsə 1 il 2 ay həbs cəzası verib.
InterPress.ge xəbər verir ki, prokurorluq bəyanatı dərc edərək hadisənin 2023-cü il dekabrın 6-da baş verdiyini yazıb:
Prokurorluğun təqdim etdiyi sübutlar əsasında Bolnisi rayon məhkəməsi təqsirləndirilən şəxsi heyvana qarşı amansız davranışda ittiham edərək 1 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Məhkəməyə təqdim olunan sübutlar təsdiq edib ki, təqsirləndirilən şəxs 2023-cü il dekabrın 6-da Marneuli bələdiyyəsinin Qaçağan kəndində iti çubuqla şiddətlə döyüb.
Sözügedən faktı əks etdirən videomaterial sosial şəbəkələrdə yayıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2024-cü il yanvarın 9-da tutublar. O, Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin üçüncü hissəsi (heyvanla amansız rəftar, onun ölümünə səbəb olduqda) ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Gürcüstan Prokurorluğu heyvanlara qarşı amansızlıqla törədilən cinayətlərlə bağlı ciddi cinayət-hüquq siyasəti həyata keçirir. Prokurorluğun təşəbbüsü ilə Cinayət Məcəlləsinin 259-cu maddəsinə əlavə edilməsi nəzərdə tutulan qanunvericilik dəyişiklikləri layihəsi hazırlanıb, bunun əsasında heyvanlara qarşı işgəncə və amansız rəftar cinayətlərinə görə cəza sərtləşdirilib.


