Komitə rəhbəri xaricdə və Gürcüstanda olan Azərbaycan Evləri ilə bağlı açıqlama verdi
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xarici ölkələrdəki Azərbaycan evlərinin fəaliyyəti, yenilərinin açılması, erməni diasporunun fəallıq təşkil etdiyi Fransa və ABŞ kimi ölkələrdə Azərbaycan əleyhinə təbliğatlara qarşı hansı işlərin görüldüyü və rəhbərlik etdiyi qurumun fəaliyyət mexanizmi ilə bağlı sualları cavablandırıb.
InterPress.ge xəbər verir ki, bu barədə o, yerli mətbuata müsahibəsində danışıb.
Fuad Muradov bəyan edib ki, diasporun özəlliyi ondan ibarətdir ki, hər ölkə üçün spesifik yanaşması olsun. Ona görə də diaspor vahid mərkəzdən yox, vahid koordinasiya sistemindən idarə olunmalıdır.
"Bəzi ölkələrdəki müsbət təcrübəmizi biz digər ölkələrə daşıyırıq. Məsələn, Gürcüstanda 21 kateqoriya üzrə Azərbaycan evi fəaliyyət göstərir. Bunların içərisində hüquqi yardım da var. Amma elə ölkələr var ki, orada buna ehtiyac yoxdur, ona görə tətbiq etmirik. Erməni diasporuna gəldikdə isə onların son illərdəki fəaliyyətinə baxsanız, görərsiniz ki, bizim tədbirlərimizi birəbir təkrarlayırlar. Keçən ildən bizə baxıb yay məktəbi təşkil edirlər. Düzdür, bizim kimi təşkil edə bilmirlər, amma bütün hallarda təkrar edirlər", - deyə o vurğulayıb.


