“Vahid Milli Hərəkat” partiyasının Marneuli qərargahında nələr baş verir?
Artıq parlament seçkilərinə qısa müddət qalıb və partiyada kimlərin siyahıda hansı yeri tutacağı söhbəti gedir. Bu fonda partiyanın Marneuli qərargahında fikir ayrılıqlarının, bölünmələrin olduğu məlumatı yayılır.
InterPress.ge xəbər verir ki, yayılan məlumatda partiyanın Marneuli ofisinin üzvlərinin bölündüyü qeyd olunur.
Yayılan məlumatın həqiqət olmasına isə 15 avqust tarixində “Birlik – Milli Hərəkat” koalisyasısının liderlərinin və partiya üzvlərinin Marneulidə keçirdikləri “Saakaşviliyə Azadlığ” aksiyasında Marneulidən Nərgiz Əliyeva və bərabərində sadəcə iki-üç nəfərin olması zəmin yaradıb.
Sözü gedən aksiyada partiyanın Marneuli qərargahının sədri Azad Kərimov, partiyanın üzvü və Marneuli bələdiyyə məclisinin deputatı Ramal Əhmədov və digər üzvləri iştirak etməyiblər. Ancaq aksiyadan dərhal sonra sözü gedən partiya üzvləri partiyanın liderlərindən olan Dimitri Şaşkin ilə görüşüblər.
InterPress xəbər portalı olaraq məsələ ilə bağlı sözü gedən şəxslər ilə əlaqə saxladıq.
Bizimlə söhbəti zamanı “VMH” partiyasının Marneuli qərargahının rəhbəri Azad Kərimov yayılan məlumatları, partiyanı nüfuzdan salmaq istəyənlərin apardığı qara piyar olaraq qiymətləndirdi.
“Xeyir, bu deyilənlərin hamısı yalandır. Bizim partiyanı nüfuzdan salmaq istəyənlərin apardığı qara bir piyardır. Partiya öz komandası ilə birlikdə öz yerindədir. Heç kəs quruplaşma edə bilməz, edə bilənlər zatən partiyanın üzvü deyil. Mən buna imkan vermərəm ki, burada quruplaşma yaransın. Burada partiyanın bir rəhbəri var və hərkəs disiplinli olaraq onu dinləyir”- Azad Kərimov bildirib.
Azad Kərimov aksiyada iştirak etməməsi məsələsinədə aydınlıq gətirib.
“Nərgiz Əliyeva ilə bizim heç bir problemimiz yoxdur. Dünən keçirilən aksiyada doğrudur biz iştirak edə bilmədik, dünən bizim bir sıra görüşlərimiz var idi və 4 kəntdə əhali ilə görüş üçün vaxt təyin etmişdik deyə vaxtını dəyişə bilmədik, buna görə də aksiyada iştirak edə bilmədik. Mən orda ola bilməsəm də bizim nümayəndəmiz “VMH” partiyasını Marneuli seçki ştabının rəhbəri Dimitri Şaşkin orada idi. Aksiyanı keçirən təşkilat aksiyada 20-30 nəfərin toplanmasını özü istəmədi” – deyə Kərimov bildirdi.
Partiyanın üzvü, Marneuli bələdiyyə məclisinin deputatı Nərgiz Əliyeva isə, bizimlə söhbəti zamanı, istər iqtidar istərsədə müxalifətdə fikir ayrılığının olduğunu, hər insanın özünə məxsus düşüncəsinin mövcud olmasını normal qiymətləndirib.
“Keçirilən aksiya ilə eyni vaxtda zəvvarların yola düşməsi var idi və bizim aktivistlər görüş təyin eləmişdilər mən isə aksiyaya görə gedə bilmədim. Azad və aktivistlər ona görə gələ bilmədilər. Ramal Əhmədov isə mənə həmin zaman Tbilsidə olduğu cavabını verib. Onlar aksiyaya dəvət olunmuşdular. Qarşı durma məsəlinə gəlincə isə, mənimlə heç bir problemləri yoxdur amma hər bir partiyada fikir ayrılığı olub, istər iqtidarda istər müxalifətdə, bu normaldır. Hər insan eyni düşüncəyə sahib deyil, hərkəsin fərkli düşüncəsi olur.”- Nərgiz Əliyeva bildirdi.
Nərgiz Əliyeva qərargah daxilində sədr və bələdiyyə deputatı ilə aralarında problemin olma ehtimalı sualına, hərkəs parlamentə getmək istəyir və bu halda qısqançlıqlar ola bilir deyə cavab verib.
“Mən, Azad və Ramal üçümüz arasında heç bir problem qarşıdurma yoxdur. Vaxtı ilə Azad Kərimovun qərargah sədrliyinə seçilməsinin ən böyük dəstəkcisi mən və Rəfi Orucov olmuşuq. Seçki qabağı hərkəsin özünə görə ambisiyası yaranır, hərkəs parlamentə getmək istəyir, bu halda istər-istəməz qıskançlıqlar olur. Nəticədə əsas qərarı Mixail Saakaşvili və partiya verir. Sabah partiya namizəd olaraq kimi seçməyindən asılı olmayaraq hərkəs şəxsi ambisiyasını kənara qoyub qalibiyyət üçün mübarizə aparacağıq. Sözü gedən məlumatları mən təsdiqləmirəm”- deyə Nərgiz Əliyeva bildirib.
“Vahid Milli Hərəkat” partiyasının Marneuli bələdiyyə məclisindəki deputatı Ramal Əhmədov yayılan məlumatları təkzib edib və yalan adlandırıb.
“Bizim partiyanın Marneuli qərargahında qruplaşmanın, fikir ayrılıqının olması ilə bağlı yayılan məlumat tamamilə yalandır. Bizlər yumruq kimi birləşib əl-ələ verərək qarşıdan gələn seçkiyə hazırlaşırıq. Sadəcə olaraq dünən mənim tbilisidə görüşümün olmasına və Azad Kərimovun da Marneulidə bir sıra görüşü olduğuna görə aksiyaya qatıla bilmədik”- deyə Əhmədov bildirdi.
Aksiyaya qatılmamasına səbəb Nərgiz Əliyeva ilə arasında hansısa problemin olub olmaması ilə bağlı suala Ramal Əhmədov belə cavab verdi:
“Xeyir mənim Nərgiz Əliyeva ilə heç bir problemim yoxdur. O, bizim komandanın üzvü, komandada sözünü deyənlərdən biridir.”- deyə Ramal Əhmədov açıqlamasında bildirdi.