Saqarecoda “SOCAR”ın maliyyə dəstəyi ilə yeni uşaq bağçası açılıb
Gürcüstanın baş naziri İrakli Kobaxidze Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində yeni uşaq bağçasının açılışını edib.
InterPress.ge xəbər verir ki, 180-240 uşaq üçün nəzərdə tutulmuş bağça “Socar” şirkətinin maliyyəsi ilə tikilib.
Məktəbəqədər təhsil müəssisəsi müxtəlif yaş qrupları üçün 6 otaqdan ibarətdir və 3000 kv.m-ə qədərdir. Uşaq bağçasının infrastrukturuna sinif otaqlarından əlavə yeməkxana, mətbəx, idman məşğələləri zalı, həmçinin həkim, oyun və yataq otaqları, inzibati və texniki otaqlar daxildir. Binada panduslar və uyğunlaşdırılmış sanitar qovşaqlar, həmçinin açıq oyun meydançası nəzərdə tutulub.
Açılış mərasimində hökumət başçısı ilə birlikdə Gürcüstanın icra, qanunvericilik və yerli özünüidarəetmə orqanlarının nümayəndələri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Azərbaycan Respublikasının vitse-spikeri Əli Əhmədov, “Socar” şirkətinin vitse-prezidenti Ziba Mustafayeva, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin direktoru Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.


