Bu tarixdən artıq Tbilisidən Batumiyə 3 saata çatmaq mümkün olacaq
Batuminin 14 km-lik dolama yolu bu gün açılıb.
InterPress.ge xəbər verir ki, tədbirdə regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, avtomobil yolları departamentinin, Acarıstan hökumətinin və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.
“Batumi dolama əsas yolu böyük əhəmiyyət kəsb edir. Şəhər durmadan inkişaf edir, dövlət də buna öz töhfəsini verir və bu gün istifadəyə verilmiş yol bunu sübut edir. Yolların tutumu və tranzit yük dövriyyəsi artacaq. Bu, ölkənin inkişafı üçün çox vacibdir.
Gələn il biz Tbilisi-Sarp yolunun tikintisinə başlayacağıq və Kobuletiyə əlavə 2 zolaqlı yolun tikintisinə də başlanılacaq. Gələn il Batumidən Tbilisiyə getmək üçün 3 saat vaxt lazım olacaq”, - deyə İrakli Kobaxidze bildirib.
Layihə çərçivəsində 14 km uzunluğunda 2 zolaqlı asfalt-beton yol, 20 körpü keçidi və 5 tunel inşa edilib.
Yeni dolama yol aşağıdakı kəndlərdən keçir - Makhinjauri, Gantiadi, Kapreshumi, Salibauri, Feria, Quchtauri və Xelvachauri.
Məlum olduğu kimi, hazırda mövcud olan yolun turizm və yaşayış massivindən keçməsi beynəlxalq tranzit nəqliyyatının hərəkətini çətinləşdirir. Batumi dolama yolu (Kobuleti dolama yolu ilə birlikdə) Acarıstanın kurort zonasında nəqliyyatın hərəkətini tamamilə yüngülləşdirəcək ki, bu da tranzit yük dövriyyəsini artırmağa kömək edəcək.
Layihə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin, Asiya İnkişaf Bankının və Asiya İnfrastruktur İnvestisiya Bankının 329 630 734 lari maliyyə dəstəyi ilə həyata keçirilib.


