"Aktual.ge", "24News.ge", "InterPress.ge" MSK ilə bağlı bəyanat yayır
Seçkilərə təxminən 10 gün qalsa da, Mərkəzi Seçki Komissiyası (MSK) etnik azlıqların dillərində marifləndirmə işləri aparmır. Bu il seçkilərin 90%-nin elektron üsulla keçiriləcəyini nəzərə alsaq, regiondakı etnik azərbaycanlılara öz dillərində məlumatlandırıcı materialların hələ də geniş şəkildə təqdim edilmədiyi, həmçinin bu istiqamətdə fəaliyyət göstərən yerli media qurumları ilə əməkdaşlığın olmadığı diqqət çəkir.
Son illərdə Kvemo Kartlidə etnik azərbaycanlıların yerli dildə məlumatlandırılması məqsədilə fəaliyyət göstərən media qurumları böyük işlər görür. Bu media qurumları Gürcüstan azərbaycanlılarına gündəlik məlumat təqdim edir və onların gürcü cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayır. Bir sıra nüfuzlu təşkilatlar və siyasi partiyalar da məhz bu medialarla əməkdaşlıq edir, kampaniyalarını Gürcüstanın azərbaycandilli əhalisinə çatdırırlar.
Seçkilərin təbliğat-təşviqat kampaniyası, o cümlədən elektron səsvermə barədə məlumatların yayılması MSK-nın vəzifəsidir. Lakin MSK, bu sahədə fəaliyyət göstərən media qurumları ilə əməkdaşlıq etmir. Müşahidələrimizə əsasən, MSK yalnız mərkəzi medialarla əməkdaşlıq edir. Bu vəziyyəti diskriminasiya olaraq qiymətləndirir və MSK-nı etnik azlıqların öz dillərində fəaliyyət göstərən media qurumları ilə əməkdaşlıq etməyə çağırırıq.
Bəyanatı imzalayır:
Aktual Media - Aktual.ge
Lider Media - 24News.ge
Supta Ambavi - InterPress.ge


