“İstanbul bazarı”nda 4 nəfəri qətlə yetirən şəxsə ömürlük həbs cəzası verilib
2024-cü il fevralın 9-da Rustavidə “İstanbul bazarı” adlanan yerdə 4 nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək müttəhimi Rustavidə 4 nəfərin qətlində təqsirli bilib.
Məhkəmə prosesində sübut edilib ki, 2024-cü il fevralın 9-da “İstanbul bazarı”nın ərazisində təqsirləndirilən şəxs qisas məqsədi ilə qardaşının adına rəsmiləşdirilən odlu silahdan bir neçə dəfə atəş açaraq 5 nəfərə həyati təhlükəsi olan xəsarətlər yetirib, nəticədə 4 nəfər zərərçəkmiş yerindəcə ölüb, 1 nəfər isə vaxtında göstərilən tibbi yardım nəticəsində xilas edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi fevralın 9-da saxlayıblar. Məhkəmə təqsirləndirilən şəxsi ittiham üzrə təqsirli bilib və cəzanın forması və tədbiri kimi ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib.


