Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatı
"Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər aidiyyəti qurumları üzərinə düşən vəzifəni yerinə yetirməyə, seçki pozuntularını və şikayətləri operativ, şəffaf və müstəqil şəkildə araşdırıb baxmağa çağırırıq. Bu pozuntular aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Bu, seçki prosesinə etimadı bərpa etmək üçün zəruri addımdır”.
InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında deyilir.
Sənəddə həmçinin bildirilir ki, Avropaya inteqrasiya prosesini davam etdirmək üçün Gürcüstan vətəndaşlarının fundamental hüquqlarını pozan və Avropa İttifaqının prinsiplərinə zidd olan istənilən qanunvericilik ləğv edilməlidir.
"Aİ ATƏT/DTİHB-nin yekun hesabatını və tövsiyələrin mümkün qədər tez yerinə yetirilməsini səbirsizliklə gözləyir. Siyasi spektrdə konstruktiv və inklüziv dialoq indi böyük əhəmiyyət kəsb edir. Avropa İttifaqı Şurasının 17 oktyabr tarixli yekunlarına uyğun olaraq, Avropa İttifaqı Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq, demokratik, hərtərəfli və davamlı islahatlar həyata keçirməyə çağırır. Gürcüstan vətəndaşlarının əsas hüquq və azadlıqlarına xələl gətirən və Avropa İttifaqının əsaslandığı dəyər və prinsiplərə zidd olan istənilən qanunvericilik ləğv edilməlidir”, - bəyanatda deyilir.


