İrakli Kobaxidze Bakıda keçirilən COP29 iqlim konfransında iştirak edir
Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP29) iştirak edir.
InterPress.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Məlumata görə, konfransda iştirak edən liderləri BMT-nin baş katibi Antonio Qutyerres və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edirlər.
“Gürcüstanın baş naziri Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin açılış sessiyasında və dövlət və hökumət başçılarının yüksək səviyyəli görüşünün açılışında iştirak edib.
Sammitdə iştirak edən dövlətlərin liderləri ənənəvi olaraq birgə foto çəkdiriblər.
Konfrans çərçivəsində İrakli Kobaxidzenin COP29 liderlər sammitində çıxışı, həmçinin müxtəlif mövzularda dəyirmi masa formatında keçiriləcək panel müzakirələri nəzərdə tutulub.
Gürcüstan hökumətinin başçısı COP29-da baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İlya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Levan Jolianinin də daxil olduğu nümayəndə heyəti ilə iştirak edir”, - məlumatda deyilir.


