Rustavidə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda məlumatlandırıcı tədbir keçirilib
Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası barədə mərkəzin şagirdləri ilə “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda məlumatlandırıcı tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, Mərkəzin direktoru Raidə Dərziyeva şagirdlərə iqlim dəyişiklikləri, qlobal istiləşmə, təhlükəsiz enerji mənbələri və s.barədə ətraflı məlumat verib.
Raidə Dərziyeva çıxışında Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə sahəsindəki səylərini və COP29-un ölkəyə gətirdiyi iqtisadi, sosial və ekoloji faydaları vurğulayıb. Bildirilib ki, bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb.
O, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, iqlim dəyişmələrinə uyğunlaşma və yumşaldılma sahəsində həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar, o cümlədən bu sahədə milli və regional səviyyədə əməkdaşlıqdan bəhs edib.
Tədbirdə şagirdlərlə enerjiyə və içməli suya necə qənaət etmək, həmçinin ətraf mühiti qorumaq üçün hansı şərtlərə riayət etmək barədə müzakirələr aparılıb.
Tədbirin sonunda mərkəzin gənclərinə və məktəb şagirdlərinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində Gürcüstanda Azərbaycan və gürcü dillərində çap olunmuş məlumatlandırıcı bukletlər paylanılıb.
Görüşdən sonra bir qrup şagird məlumatlandırıcı kitabçaları şəhər sakinlərinə və şəhər ətrafında yerləşən - azərbaycanlıların kompakt yaşadığı kənd məktəblərinə paylayıb.
.png)
.png)


