
Gürcüstan azərbaycanlıları arasında ilin uğurlu nümayəndələrinin mükafatlandırılması mərasimi baş tutub (FOTO)
Bu gün Gürcüstan azərbaycanlıları arasında ilin müxtəlif nominasiyaları üzrə mükafatların təqdimat mərasimi keçirilib.
InterPress.ge xəbər verir ki, tədbir "Lider Media" təşkilatı və 24News.ge xəbər portalının təşəbbüsü ilə təşkil olunub.
Tədbirdə Gürcüstan ictimaiyyətinin tanınmış simaları, müəllimlər, jurnalistlər, ziyalılar və gənclər iştirak ediblər. Həmçinin Bolnisi məhkəməsinin sədri Giorgi Qratiaşvili, hakimlər Nino Jojua, Devi Devidze, Ketevan Sturua və Vladimir Tsitlauri, Marneuli, Bolnisi, Ağbulaq və Calka rayonlarının prokurorları Giorgi Mekvabidze, Tornike Kapanadze və Aleksandr Andquladze də mərasimdə iştirak edənlər arasında olub.
Mərasimə ev sahibliyi edən "Lider Media" və 24News.ge portalının təsisçisi Azər Məmmədov qonaqları salamlayaraq, 25 dekabrda Azərbaycanda baş vermiş təyyarə qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Tədbir qəza zamanı həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Azər Məmmədov çıxışında mükafatlandırma tədbirinin iki il əvvəl təsis olunduğunu vurğulayıb. O bildirib ki, bu mükafat Gürcüstan azərbaycanlıları arasında müxtəlif sahələrdə aktiv fəaliyyəti ilə seçilən şəxslərin qiymətləndirilməsi məqsədilə təqdim olunur. Məqsəd icma üzvlərini daha da fəal olmağa təşviq etməkdir.
Mərasimdə ilin ən fəal şəxsləri on müxtəlif nominasiya üzrə mükafatlandırılıb:
İlin sazbəndi: Bəfalı Adıgözəlov
İlin gənc xanım yol polisi: Səbinə Yusubova
İlin jurnalisti: Ramilə Əliyeva
İlin mədəniyyət işçisi: Leyla Əliyeva
İlin həkimi: Zeynəb Gərəkova
İlin məhkəmə əməkdaşı: Ramin Axundov
İlin xeyriyyəçi iş adamı: Anar Piriyev
İlin müəllimi: Elvir Həsənoğlu
İlin proqramisti: Elmar Məmmədov
İlin ictimai aktivisti: Rəşan Ziyadəliyev
Ali qonaqlar bu kimi nominasiyaların Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını vurğulayıblar. Onlar 24News.ge portalının və 24News Tv-nin illərdir müxtəlif sahələrdə təqdirəlayiq fəaliyyət göstərdiyini qeyd ediblər.
Mərasim milli mətbəximizin şirniyyatları və çay süfrəsi ilə yekunlaşıb. Bu tədbir həmrəyliyin, dostluğun və fəaliyyətlərin təşviqi baxımından əlamətdar bir gün kimi yadda qalıb.