Tbilisidə ictimai nəqliyyatda ödəmə sistemi bərpa olundu
Tbilisi meri Kaxa Kaladze, şəhər nəqliyyatında baş verən kiberhücum nəticəsində müvəqqəti dayandırılmış olan sərnişin ödəmə sisteminin bərpa olunduğunu açıqlayıb.
InterPress.ge xəbər verir ki, ilkin məlumatlara görə, Tbilisidə avtobuslar və mikroavtobuslarda ödəmə sisteminin müvəqqəti olaraq dayandırılmasına səbəb kiberhücum olub.
Bu müddət ərzində nəqliyyat vasitələri sərnişinlərə ödəmə tələb etmədən xidmət göstərib.
Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib ki, kiberhücumun olduğu ehtimal edilir və bununla bağlı araşdırmalar başlanacaq:
“Avtobus və mikroavtobuslarda quraşdırılmış ödəmə aparatları “Gürcüstan Bankı”na aiddir. Həmin bank bir neçə şirkət tərəfindən xidmət göstərilir, o cümlədən ŞPŞ “Azri” və ŞPŞ “Plus”. Kiberhücumun haradan, hansı şəxs və ya qurum tərəfindən həyata keçirildiyi araşdırılacaq. Bu mövzu ilə bağlı müvafiq araşdırmalar başlayacaq", - deyə Kaladze qeyd edib.
İlkin olaraq vətəndaşlar sosial şəbəkələrdə Tbilisidə avtobuslar və mikroavtobuslarda ödəmə aparatlarında Gürcüstanın və Avropa İttifaqının himnləri və müxtəlif siyasətçilərin səsləri ilə bağlı qeyri-adi mesajların yayılmasını bildirmişdilər.
Merlikdən verilən açıqlamada isə bildirilib ki, məsələnin həlli üçün müvafiq şirkətlərin nümayəndələri dərhal işə başlayacaq və aparatların nasazlığı aradan qaldırıldıqdan sonra sistem bərpa olunacaq. Bu müddət ərzində, nəqliyyat vasitələri sərnişinlərə ödəmə tələb etmədən xidmət göstərib.


