İrakli Kobaxidze: "Keçmiş rejimin cinayətlərinin araşdırılması siyasi sistemin düzgün inkişafı üçün vacibdir"
"O dövrdə çoxsaylı cinayətlər törədilib və bu cinayətlərin yenidən xatırlanması olduqca vacibdir. Parlamentin istintaq komissiyası məhz bu məsələlər üzərində işləyəcək."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, 2004-2012-ci illərdə hakimiyyətdə olan Vahid Milli Hərəkat partiyasının fəaliyyətinin araşdırılması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edib.
Kobaxidze qeyd edib ki, 2004-2012-ci illər arasında baş verən insan haqları pozuntuları, işgəncə hallarının, siyasi motivli qətllərin və biznes sahəsinə sistemli təzyiqlərin araşdırılması əsas hədəflərdən biridir.
"Bu illər ərzində həbsxanalarda sistematik işgəncələr həyata keçirilmiş, yüzlərlə insan öldürülmüş və on minlərlə sahibkara qarşı biznes reketi tətbiq edilmişdir. Həmçinin, 2008-ci il müharibəsi ilə bağlı cinayətlərin araşdırılması vacibdir."
Baş nazir parlament istintaqının ictimaiyyətin gözü önündə aparılacağını və açıq müzakirələrin təşkil olunacağını bildirib.
"Bu proses tamamilə açıq şəkildə aparılacaq və biz 2004-2012-ci illərdəki rejimin törətdiyi bütün cinayətləri bir daha xatırlamalıyıq. Bu istintaqın nəticələri ölkəmizin demokratik inkişafının düzgün istiqamətdə davam etməsi üçün böyük rol oynayacaq."
Xatırladaq ki, Gürcüstan parlamenti keçmiş siyasi rejimin fəaliyyətini araşdırmaq üçün xüsusi istintaq komissiyası yaradıb. Komissiya altı ay ərzində fəaliyyət göstərəcək və nəticələr ictimaiyyətə təqdim olunacaq.


