Baş nazir Batumidə baş verən faciəvi hadisə ilə bağlı başsağlığı verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Batumidə baş verən faciə ilə bağlı dərin kədərini ifadə edib.
InterPress.ge xəbər verir ki, o, həlak olan uşaqların ailələrinə başsağlığı verib.
"Batumidə baş verən faciəvi hadisə, iki azyaşlı uşağın həlak olması bizi dərin kədərləndirdi. Belə bir itkinin yaşandığı ailələr üçün təsəlli tapmaq çətindir. Gürcüstan hökuməti və şəxsən öz adımdan vəfat edən uşaqların ailələrinə, yaxınlarına və bu böyük faciəni yaşayan hər kəsə dərin hüznlə başsağlığı verirəm”, - deyə Baş nazir bildirib.
Qeyd edək ki, Batumi şəhərində baş verən bədbəxt hadisə nəticəsində üç və altı yaşlı iki uşaq həyatını itirib. İlkin məlumatlara görə, uşaqlar məcburi köçkün ailələrdən birinin qazdığı və su ilə dolu kanalizasiya çuxuruna düşüblər.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi istintaq başladıb. Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi – ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə aparılır.
Hadisənin detalları araşdırılır.


