16 
Fev
2025
11:31
355

İrakli Kupradze Batumidə baş verən faciəni cinayət adlandırıb

"Güclü Gürcüstan” partiyasının liderlərindən biri İrakli Kupradze Batumidə, “Arzular şəhəri” adlanan ərazidə iki uşağın ölümü ilə nəticələnən faciəni “cinayət” adlandırıb və günahkarların ciddi şəkildə cəzalandırılmasını tələb edib.

InterPress.ge xəbər verir ki, Kupradzenin sözlərinə görə, 4 və 5 yaşlı uşaqların ölümü hökumətin qeyri-peşəkarlığı və səhlənkarlığı səbəbindən baş verib.

"Bu, faciə deyil – bu, cinayətdir! ‘Arzular şəhərində’ cəmi 6 gün əvvəl Rijkvadze və Kobaxidze yeni tikinti layihəsinin təməlini qoydular və bu PR tədbiri üçün 209 min lari xərclədilər. Amma tikinti sahəsini açıq, xəndəklər və çuxurlarla buraxdılar. Nəticədə bu gün o çuxurlarda iki uşaq boğularaq öldü. 4 və 5 yaşlı uşaqlar qeyri-peşəkarlığın və biganəliyin qurbanı oldular”, – deyə Kupradze bildirib.

O vurğulayıb ki, hökumət faciə ilə bağlı sadəcə başsağlığı verməklə və günahı sıravi şəxslərə atmaqla kifayətlənməməlidir.

"Səhər tezdən çıxıb kameralar qarşısında yas tutacaqlar, sonra isə günahı sıravi bir nəfərin üzərinə atacaqlar – elə Vake parkında fontanda ölən Marita kimi, həyətində elektrik naqillərinə düşərək ölən uşaq kimi, Riğe parkında bir neçə gün əvvəl ölən uşaq kimi. Bağışlayacağıq? Əgər bağışlasaq, bu, sonuncu cinayət olmayacaq! Günahkarların hamısı ən sərt şəkildə cəzalandırılmalıdır!” – deyə o əlavə edib.

Qeyd edək ki, Batumidə, “Arzular şəhəri” adlanan ərazidə baş verən faciə nəticəsində 3 və 6 yaşlı iki uşaq həyatını itirib. Məlumata görə, uşaqlar əvvəllər orada məskunlaşan sakinlərdən birinin qazdığı və su ilə dolu kanalizasiya çuxuruna yıxılıblar.

Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) üzrə istintaq başladıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər