17 
Fev
2025
16:20
284

Gürcüstanda gündəlik olaraq siqaret çəkənlərin sayı yetkin əhalinin 35%-nə çatır

Gürcüstanda yetkin əhalinin təxminən 35%-i gündəlik siqaret çəkir.

InterPress.ge xəbər verir ki, bu barədə “Sosial Tədqiqatlar və Analiz İnstitutu” tərəfindən hazırlanmış “Gürcüstanda tütünlə mübarizə siyasətinə ictimai münasibət” adlı analitik araşdırmada qeyd olunur.

Araşdırmanın əsas nəticələrinə görə, siqaret çəkənlərin əksəriyyəti kişilər və paytaxt sakinləridir.

Araşdırma Gürcüstanın işğal olunmuş ərazilərindən kənar bütün bölgələrini əhatə edib və yetkin yaşda olan (18+) vətəndaşlarla üzbəüz müsahibə metodu ilə aparılıb.

Məlumatlara əsasən, respondentlərin yarıya qədəri siqaret çəkənlərdir. Ancaq “siqaret çəkən” anlayışı geniş götürülüb və həyatında azı 100 ədəd siqaret çəkmiş şəxslər də bu kateqoriyaya aid edilib.

Siqaret çəkənlərin böyük əksəriyyəti (70%-i) tütündən gündəlik istifadə edir. Siqaretdən imtina edənlərin çoxu isə ən azı 2 ildən artıq müddətə tütündən uzaqlaşıb. Beləliklə, Gürcüstanda gündəlik siqaret çəkənlərin payı 35%-ə bərabərdir.

Alternativ tütün məhsulları az istifadə olunur.

Araşdırma nəticələrinə görə, respondentlər arasında elektron siqaret, qəlyan, kiçik siqarlar, qızdırılan tütün məhsulları və nikotin kisələri kimi alternativ məhsullar geniş yayılmayıb. Lakin onların içərisində ən çox istifadə edilənlər elektron siqaret və qızdırılan tütün məhsullarıdır.

Tütün məhsullarından ən çox kişilər istifadə etdiyi üçün alternativ tütün məhsullarına üstünlük verənlər də əsasən onlardır. Yaş qruplarına görə 18-29 yaş aralığındakı gənclər alternativ məhsullara daha çox maraq göstərirlər. Etnik azlıqlar arasında isə qəlyan və kiçik siqarlar daha populyardır.

Araşdırmada iştirak edən 1 300 respondentdən 53,7%-i qadın, 46,3%-i isə kişilərdir.

 

Yaş qruplarına görə respondentlər üç hissəyə bölünüb:

• 18-29 yaş- 20%

• 30-54 yaş- 45,6%

• 55 və yuxarı yaş- 34,4%

 

Tədqiqat Gürcüstanın 11 bölgəsində (işğal olunmuş ərazilər istisna olmaqla) aparılıb və ilkin olaraq 1 428 nəfər sorğuda iştirak edib. Lakin filtrlənmiş nəticələrdən sonra 1 300 respondent araşdırmaya tam cavab verib.

Bu araşdırma 2024-cü ilin oktyabrında, “Sosial Tədqiqatlar və Analiz İnstitutu” tərəfindən ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin dəstəyi ilə və Corciya Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Bizimlə əlaqə saxlayın